
“LMS Batch-2” (LMSB2) proqramı çərçivəsində Türkiyənin STM şirkətinin baş podratçılığı ilə Malayziya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən üç korvetdən ikincisi “İstanbul Denizcilik Tersanesi”ndə keçirilən mərasimlə suya buraxılıb.
STM-dən “Poliqon”a verilən məlumata görə, mərasimdə hər iki ölkənin dövlət, hərbi və müdafiə sənayesi nümayəndələri iştirak ediblər.
Mərasim zamanı çıxış edən STM-in baş direktoru Özgür Güləryüz, iki ölkə arasındakı strateji əməkdaşlığa və layihənin rekord inşa tempinə diqqət çəkib: “Türkiyə ilə Malayziya arasında ilk hökumətlərarası (G2G) müdafiə ticarəti sazişi və ölkəmizin Asiya-Sakit Okean regionuna ilk korvet ixracı olan bu tarixi layihə çərçivəsində iki həftə əvvəl ilk gəmi – “TUNKU LAKSAMANA ABDUL JALIL”i suya endirmişdik. Bu gün isə layihəmizin ikinci gəmisi olan “RAJA LAUT”u da suya buraxmaq STM-in mühəndislik və logistika imkanlarının sürətini bir daha nümayiş etdirir. Əldə etdiyimiz yüksək istehsal tempi ilə seriyanın üçüncü gəmisini qarşıdakı avqust ayında suya endirməyi və hər üç platformanı 2027-ci il ərzində təhvil verməyi planlaşdırırıq”.
Layihə çərçivəsində inşa edilən gəmilər adlarını Malayziya tarixinin mühüm şəxsiyyətlərindən götürür. İlk gəmiyə Malayziya kralı Sultan İbrahimin 2015-ci ildə vəfat etmiş və “şahzadə-admiral” kimi tanınan oğlu “Tunku Laksamana Abdul Jalil”in adı verilib. Bu gün suya buraxılan ikinci gəmi isə XIX əsrdə Selangor idarəçiliyində və regional dəniz ticarətində mühüm rol oynamış tarixi şəxsiyyət “Raja Laut”un adını daşıyır.
Türkiyə Hərbi Dəniz Qüvvələri və Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi ilə həyata keçirilən MİLGEM layihəsi sayəsində Türkiyə öz döyüş gəmisini layihələndirib istehsal edə bilən dünyanın 10 ölkəsindən birinə çevrilib. Bu gün SSB-nin ixrac strategiyası həm Türkiyə iqtisadiyyatına töhfə verir, həm də dost və qardaş ölkələrin müdafiə qabiliyyətlərinin inkişafına dəstək göstərir.
Bu çərçivədə Türkiyə ilə Malayziya arasında “Müdafiə Məhsullarının Tədarükünə dair Hökumətlərarası Anlaşma Memorandumu”nun imzalanması və Malayziya HDQ üçün “LMS Batch-2” layihəsinin Qəbul Məktubunun təqdim edilməsi mərasimi 10 iyun 2024-cü il tarixində Ankarada keçirilib. Gəmilərin polad kəsmə mərasimi 4 dekabr 2024-cü ildə, blok qoyma mərasimi isə 8 aprel 2025-ci ildə İstanbulda baş tutub. Layihənin ilk gəmisi 24 may 2026-cı ildə keçirilən mərasimlə suya buraxılıb.
STM tərəfindən Malayziya HDQ-nin tələblərinə uyğun olaraq layihələndirilən və fərdiləşdirilən üç korvet “LMS Batch-2” layihəsi çərçivəsində Türkiyədə, “İstanbul Denizcilik Tersanesi”ndə inşa olunur. STM layihənin dizayndan tutmuş performansın təmin edilməsinə, inşasından gəmilərin təhvil verilməsinə qədər bütün mərhələlərinə cavabdeh olan baş podratçıdır. Şirkət gəmi layihələndirilməsi, layihə idarəçiliyi, tikinti idarəçiliyi, material və sistem təchizatı, inteqrasiya layihələndirilməsi və montajı, sınaqlar, inteqrə edilmiş logistik dəstək fəaliyyətləri, eləcə də layihə üzrə texniki və logistika sənədlərinin hazırlanmasını həyata keçirir.
Layihə çərçivəsində gəmilərin inşası və təchizatı Türkiyədə, yerli müdafiə sənayesi şirkətlərinin geniş iştirakı ilə həyata keçirilir. STM-in baş podratçılığı ilə inşa edilən gəmilərdə ASELSAN tərəfindən hazırlanan 30 mm-lik MUHAFIZ (Smash) uzaqdan idarə olunan stabilləşdirilmiş top sistemi, CENK 3D axtarış radarı, ARES 2D suüstü radar elektron dəstək sistemi, AKREP atəşi idarəetmə radarı, “chaff” aldatma sistemi, dost-düşmən tanıma sistemi və digər elektron sensorlar; “Roketsan” tərəfindən hazırlanan ATMACA gəmi əleyhinə raketi; HAVELSAN tərəfindən hazırlanan döyüş idarəetmə sistemi və 76 mm-lik topun atəşi idarəetmə sistemi yer alacaq.
Əsas ölçülərə gəldikdə, gəminin ümumi uzunluğu 99,56 m, maksimal eni 14,42 m və su basımı təxminən 2500 ton təşkil edir. Maksimal olaraq 26+ knot sürətə çata bilən korvetin kruiz sürəti 14 knotdur. Gəmi 14 knot sürətlə üzərək 4000 dəniz milindən çox məsafə qət edə bilir. 111 nəfərlik heyət tutumuna malik LMSB2 korveti əlavə təminat olmadan 14 gün dənizdə fəaliyyət göstərmək imkanına sahibdir. Gəminin silahlanmasına 1 ədəd 76 mm-lik əsas top, 2×4 gəmi əleyhinə raket sistemi, 1 ədəd 30 mm-lik ikinci dərəcəli top, 2×2 zenit-raket kompleksi və 2 ədəd “chaff” sistemi daxildir.










