DənizXəbərlər

STM Portuqaliya üçün ikinci logistika dəstək gəmisinin inşasına başladı

Türkiyənin hərbi dənizçilik və müdafiə texnologiyaları şirkəti olan STM Portuqaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa etdiyi Dənizdə Təchizat və Logistik Dəstək Gəmiləri layihəsində növbəti mərhələyə keçib.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, layihə çərçivəsində İstanbulda ikinci gəmi – N.R.P. D. DINIS üçün polad kəsmə mərasimi baş tutub.

Bununla da Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün inşa ediləcək ikinci logistik dəstək gəmisinin inşa prosesi rəsmi olaraq başlayıb. Mərasimdə Portuqaliya HDQ-nin nümayəndələri, STM şirkəti və ADA tərsanəsinin rəhbərləri, həmçinin layihə qrupları iştirak ediblər.

Qeyd edək ki, STM Portuqaliya Hərbi Dəniz Qüvvələrinin keçirdiyi Logistika Dəstək Gəmisi tenderində qalib gələrək 17 dekabr 2024-cü ildə müqavilə imzalayıb. Layihənin ilk gəmisinin tikintisinə 2025-ci ilin noyabrında keçirilən polad kəsmə mərasimi ilə start verilib, 2026-cı ilin yanvarında isə gəminin kil qoyma mərasimi baş tutub.

Layihə çərçivəsində inşa olunan gəmilər Portuqaliyanın tarixi və mədəni irsini əks etdirən adlarla adlandırılır. İlk gəmi ölkənin milli şairi Luis de Camoesin adını daşıyır, ikinci gəmi isə Portuqaliyanın dənizçilik tarixində mühüm rol oynayan Kral Dom Dinisin adını alıb.

STM baş direktorunun müavini Bülənt Soydal bildirib ki, layihə üzrə ilk gəmidə inşa və avadanlıq inteqrasiyası işləri davam edir. Onun sözlərinə görə, hər iki gəminin 2027-ci ildə suya endirilməsi, 2028-ci ildə isə Portuqaliya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

STM-in baş podratçılığı ilə İstanbulda ADA tərsanəsində inşa edilən Dənizdə Təchizat və Logistik Dəstək Gəmiləri çoxməqsədli və modul konstruksiyaya malik olacaq. Gəmilər dənizdə yanacaq və yük təchizatı, logistik dəstək, amfibiya əməliyyatları, humanitar yardım, axtarış-xilasetmə və tibbi dəstək missiyalarını yerinə yetirə biləcək.

137 metr uzunluğa, 11 min ton su basımına və 18+ düyün maksimal sürətə malik olacaq gəmilər dənizdə 30 gün fasiləsiz fəaliyyət göstərə biləcək. Bu gəmilər 100 nəfərlik əsas heyətlə yanaşı, 100 nəfərlik əlavə yerləşdirmə imkanına da malik olacaq və 20-yə qədər yüngül taktiki zirehli maşın daşıya biləcək.

Əsasən hava hücumundan müdafiə sistemləri olmaqla, bütün əsas döyüş növləri üçün sensor və silah sistemlərinə sahib olacaq. Gəmilər yaxın hava hücumundan müdafiə sistemləri, 12.7 mm-lik uzaqdan idarəolunan silah sistemləri, həmçinin “chaff” və aldatma sistemləri ilə təchiz ediləcək.

Gəmilərdə helikopterlər və pilotsuz uçuş aparatları üçün eniş-qalxış meydançası, eləcə də PUA-lar üçün anqar yerləşdiriləcək.

Back to top button