Xəbərlər

STM şirkəti KERKES layihəsini başa çatdırıb

Türkiyənin STM şirkəti tərəfindən həyata keçirilən Qlobal Yerləşdirmə Sistemi Müstəqil Avtonom Naviqasiya Sisteminin İnkişafı (KERKES) Layihəsinin qəbulu tamamlanıb.

Bu barədə “Poliqon”a STM şirkətindən məlumat verilib.

STM şirkəti KERKES layihəsi ilə bağlı işlərə 2019-ci ildə Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında başlayıb.

KERKES layihəsi pilotsuz uçuş aparatların (PUA) GPS-in olmadığı ərazilərdə və şəraitlərdə, habelə elektron müharibə sistemlərinin təsirinə məruz qalmadan tapşırıqlarını yerinə yetirə bilməsi üçün nəzərdə tutulub.

STM-nin baş direktoru Özgür Güleryüz bildirib ki, dünyada az sayda ölkənin üzərində çalışdığı bu texnologiya STm-nin milli mühəndislik imkanları ilə hazırlanıb: “KERKES sistemi sayəsində əlaqənin olmadığı vəziyyətdə, sensorlardan alınan məlumat və görüntü emal edilərək hədəfin kordinatı müəyyənləşdiriləcək, süni intellekt və dərin öyrənmə üsulları ilə müəyyən edilən hədəflər vurula biləcək”.

STM-nin baş direktorunun sözlərinə görə, KERKES dəsti müxtəlif mini/mikro, taktiki və ya operativ PUA sistemlərinə uyğunlaşdırıla biləcək.

“Bu qabiliyyətin quru və dəniz platformalarına inteqrasiya oluna biləcəyini qiymətləndirərkən, ordumuzun əməliyyat ərazisindəki bütün qabaqcıl texnologiya ehtiyaclarını qarşılamağa hər zaman hazırıq”, – deyə Özgür Güleryüz qeyd edib.

Poliqon.az

Back to top button