STM şirkəti NATO-dakı rolunu artırır

STM şirkəti NATO-dakı rolunu artırır

Türkiyənin STM şirkəti NATO-nun fərqli informasiya sistemlərini bir araya gətirən və məlumat axınını təmin edən INT-CORE texnologiyasına yeni imkanlar qazandırır.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, bu günə qədər NATO üçün çoxsaylı layihələr hazırlayan şirkət komanda-idarəetmə ilə bağlı daha bir müqavilə imzalayıb.

NATO daxilində qərar qəbul edənlər və komanda heyəti üçün rabitə və informasiya sistemlərinin təminatı, quraşdırılması və idarə olunmasından məsul olan NATO Kommunikasiya və İnformasiya Agentliyi (NCI Agency) ilə STM arasında “NATO Integration Core” (INT-CORE) layihəsinin modernləşdirilməsi və yeni texnoloji infrastrukturun təmin edilməsinə dair 2024-cü ildə müqavilə imzalanıb.

NATO, informasiya sistemlərini daha effektiv idarə etmək və qərar qəbul etmə proseslərini sürətləndirmək məqsədilə INT-CORE layihəsini inkişaf etdirib. Bu layihə ilə fərqli sistemlərdən gələn məlumatlar standart hala gətirilir və döyüş sahəsində vəziyyəti daha yaxşı görməyə imkan yaradır. STM tərəfindən layihəyə əlavə ediləcək yeniliklər arasında “Lake Diver” xüsusiyyəti ön plana çıxır. “Data Lake” adlanan “məlumat gölü” döyüş sahəsindəki fərqli sistemlərdən gələn böyük həcmli məlumatları bir araya gətirərkən, “Lake Diver” bu məlumatlar arasında əlaqələr quraraq qərar qəbul edənlər üçün ən kritik məlumatları önə çıxarır. “Lake Diver”, böyük məlumat bazalarında axtarış, filtr və modelləşdirmə apararaq kritik dataları xəritələr üzərində komandir heyətinə təqdim edir və düzgün qərarların qəbul edilməsini təmin edir.

STM-in baş direktoru Özgür Güleryüz bildirib ki, şirkət indiyə qədər qabaqcıl mühəndislik bacarıqları ilə NATO üçün çoxsaylı layihələr hazırlayıb və son olaraq NATO-nun kəşfiyyat alt proqram təminatına imza atıblar: “Təhlükəsizlik və müdafiə sahəsində beynəlxalq uğurlarımıza yenisini əlavə etməkdən qürur duyuruq. 32 fərqli ölkənin üzv olduğu və dünyanın ən böyük hərbi ittifaqı NATO-da çoxsaylı informasiya sistemləri mövcuddur. INT-CORE layihəsi NATO-nun fərqli informasiya sistemlərini bir araya gətirən texnoloji infrastrukturdur. Fərqli sistemlərdən gələn məlumatlar standartlaşdırılır. Beləliklə, döyüş sahəsində hansı məlumata ehtiyac varsa, doğru zamanda doğru şəxslərə çatdırılması təmin edilir”.

Onun sözlərinə görə, STM INT-CORE layihəsinin inkişafı, texniki qulluğu və dəstək xidmətləri üçün əvvəlki dövrdə 5 il boyunca mühəndislik xidmətləri göstərib. Şirkət bu təcrübəsi ilə indi INT-CORE layihəsini həm modernləşdirir, həm də yeni imkanlarla təchiz edir.

Yeni xüsusiyyətlər arasında “Lake Diver” də var. Lake Diver, NATO INT-CORE-da böyük məlumat bazasındakı dataları effektiv şəkildə analiz edərək, qərar qəbul edənlərin məlumatları xəritələr üzərində başa düşməsinə imkan yaradacaq. Fevral ayında layihənin 7-ci paketinin qəbulunu edəcəyik. NATO-nun ən böyük rəqəmsal təlimi olan CWIX-də INT-CORE-un bu imkanlarının aktiv istifadəsini təmin edirik və builki təlimdə yeni versiyasını istifadə edəcəyik. Türk mühəndisliyini beynəlxalq arenada uğurla təmsil etməyə davam edəcəyik”, – deyə baş direktor vurğulayıb.

CATEGORIES
TAGS