Xəbərlər

SUNGUR raketi ilk dəfə BURÇ mobil HHM sistemindən buraxılıb – VİDEO

ROKETSAN şirkəti BURÇ mobil hava hücumundan müdafiə (HHM) sistemindən ilk dəfə “yer-hava” tipli SUNGUR raketinin atışını həyata keçirib.

“Poliqon” ROKETSAN-a istinadən xəbər verir ki, sınaq zamanı SUNGUR raketi hava hədəfini dəqiqliklə vurub.

ROKETSAN-ın inkişaf etdirdiyi BURÇ, yeni nəsil mobil hava hücumundan müdafiə sistemidir. Sistem qısamənzilli raketlər və 20/30 mm-lik topdan ibarət silah kompleksi, aktiv və passiv sensorlar, həmçinin müasir döyüş meydanında mövcud və gələcək hava təhdidlərinə qarşı fəaliyyət göstərmək üçün yüksək mobillik imkanlarını özündə birləşdirir.

HHM sistemi aktiv və passiv axtarış və izləmə sensorları ilə təchiz olunub. Bu sensorlar 360 dərəcə fasiləsiz hava müşahidəsini və dəqiq məlumatların əldə edilməsini təmin edir. Sensorlardan daxil olan məlumatlar qabaqcıl alqoritmlər vasitəsilə birləşdirilir, hədəflər təsnifləşdirilir və operatorların qərar qəbul etməsinə dəstək göstərilir.

BURÇ-un döyüş idarəetmə və komanda strukturlarına inteqrasiyası IFF sistemi və məlumat ötürmə kanalı vasitəsilə həyata keçirilə bilir. Sistem həm komanda-idaraetmə bağlantısı ilə şəbəkəyə inteqrasiya olunmuş, həm də müstəqil rejimdə istifadə üçün nəzərdə tutulub.

Sistemin əsas silahlanmasını səkkiz ədəd SUNGUR raketi təşkil edir. Mənzili 8 km olan SUNGUR, IIR tuşlama sistemindən istifadə edir. Əlavə silah üçün isə 20 və ya 30 mm-lik top sistemi nəzərdə tutulub.

Silah sistemləri və sensorlar 360 dərəcə fırlana bilən sabitləşdirilmiş qüllə üzərində yerləşdirilib. HHM sistemi FNSS şirkəti tərəfindən istehsal olunan “PARS İZCİ 8×8” zirehli nəqliyyat vasitəsinin şassisi üzərində quraşdırılıb. Bu xüsusiyyətlər sistemə yüksək manevr qabiliyyəti, hərəkət zamanı atəş açmaq, eləcə də mürəkkəb relyef və hava şəraitində fasiləsiz hava örtüyü təmin etmək imkanı verir. BURÇ sistemi əsasən pilotsuz uçuş aparatları, helikopterlər və təyyarələr kimi hava hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulub.

Back to top button