Tatra şassili “Neptun” raket kompleksinin nümayiş olunması planlaşdırılır

Tatra şassili “Neptun” raket kompleksinin nümayiş olunması planlaşdırılır

“Luç” Kiyev Dövlət Konstruktor Bürosu Dövlət Müəssisəsi tərəfindən Tatra T815 şassisi üzərində istehsal olunan “Neptun” kompleksinin döyüş maşınlarının Ukraynanın müstəqilliyinin 30-cu ildönümü şərəfinə 24 avqust tarixində Kiyev şəhərində keçiriləcək hərbi paradda nümayiş olunması planlaşdırılır.

“Poliqon” “Defence Express” portalına istinadən xəbər verir ki, hərbi paradda iştirak etmək üçün RK-360MTs kompleksinin Tatra T815 şassisində ümumilikdə yeddi ədəd USPU-360, TZM-360 və TM-360 maşınları istehsal edilib.

Portal RK-360MTs sahil mobil gəmi əleyhinə raket kompleksi üçün seçilmiş 8×8 və 6×6 təkər formullu Tatra T815 avtomobil şassisi üzərində hazırlanmış ilk seriya istehsalı döyüş maşınlarının fotoşəkillərini yayımlayıb.

Xatırladaq ki, 2018-2020-ci illərdə sınaqdan keçirilmiş RK-360MTs “Neptun” sahil mobil raket kompleksinin sınaq nümunəsi olan maşınları 8×8 təkər formullu KrAZ-7634NE şassisində (USPU-360 buraxma qurğusu üçün) və 6×6 təkər formullu KrAZ-6322 şassisi (mobil komanda məntəqəsi RCP-360, TZM-360 nəqletmə-doldurma maşını və TM-360 nəqliyyat maşını üçün) hazırlanmışdır. Bununla belə, “AvtoKrAZ” PSC-nin açıq şəkildə müasir şassi istehsalına qadir olmaması Ukrayna Müdafiə Nazirliyini kompleksin seriyalı istehsalı üçün 8×8 və 6×6 təkər formulluna və zirehli kabinalara malik Çex istehsalı Tatra T815 şassisini seçməyə məcbur edib.

Qeyd edək ki, Tatra T815 şassisi, 2017 -ci ildən etibarən Çexiyanın “Czechoslovak Group” özəl birliyinə daxil olan “Tatra Trucks a.s.” şirkəti tərəfindən istehsal olunur.

RK-360MTs raket kompleksinin unifikasiya edilmiş USPU-360 buraxma qurğusu R-360 raketlərinin yerləşdirilməsi, müvəqqəti saxlanması, daşınması, buraxılmasına hazırlığı və buraxılışı üçün təyin edilib.

Ümumilikdə, RK-360MTs “Neptun” kompleksinin bir divizionunun tərkibinə 19 ədəd texnika daxildir. Bunlara bir ədəd RKP-360 mobil komanda məntəqəsi, altı ədəd USPU-360 buraxma qurğusu, 6 ədəd TZM-360 nəqletmə-doldurma maşınları və 6 ədəd TM-360 nəqliyyat maşınları aiddir. Hər USPU-360 buraxma qurğusunda, TZM-360 nəqletmə-doldurma maşınında və TM-360 nəqliyyat maşınında dörd ədəd R-360 “Neptun” gəmi əleyhinə raket yerləşdirilir. Beləliklə, divizinon ümumi döyüş dəsti 72 ədəd raket təşkil edir.

RK-360MTs kompleksi üçün yaradılan ilk “Mineral-U” radiolokasiya stansiyası artıq 8×8 təkər formullu Tatra şassisi üzərində quraşdırılıb.

2020-ci ilin sonlarında Ukrayna Müdafiə Nazirliyi Tatra şassisində yeni tərkibli RK-360MTs raket kompleksinin ilk seriyalı divizionunun istehsalı üçün istehsalçı ilə müqavilə imzalayıb.

Məlumat üçün bildirək ki, hazırda Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin birinin tərkibində, KrAZ şassisində buraxma qurğulu və xüsusi maşınlarlı kompleksin sınaq istismarı davam etdirilir.

aha2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS