
TAYFUN Blok-4 ballistik raketi ilk dəfə IDEF-2025 sərgisində təqdim olunub
Türkiyənin “Roketsan” şirkəti TAYFUN Blok-4 ballistik raketini ilk dəfə IDEF-2025 sərgisində təqdim edib.
“Poliqon” xəbər verir ki, bununla bağlı keçirilən təqdimat mərasimində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Hərbi Dəniz Qüvvələrinin komandanı Ercüment Tatlıoğlu, Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu, “Roketsan”ın baş direktoru Murat İkinci və digər şəxslər iştirak ediblər.
TAYFUN BLOK-4 raketi hipersəs qabiliyyəti və strateji hədəflərə qarşı hazırlanmış çoxməqsədli döyüş başlığı ilə diqqət çəkib. “Roketsan” tərəfindən verilən məlumata görə, raketin çəkisi 7 tondan çox olacaq. Onun hədəf auditoriyası komanda və idarəetmə mərkəzlərini, hava hücumundan müdafiə sistemlərini, hərbi bazaları və mühüm hərbi obyektləri əhatə edəcək.
Qeyd edək ki, TAYFUN raketinin ilk atış sınağı 2022-ci ilin oktyabr ayında baş tutub. Cari ilin fevralında isə onun növbəti atış sınağı keçirilib. Bu sınaq zamanı raket dənizdəki suüstü hədəfi dəqiqliklə vurmağı bacarıb.