Tayvan ABŞ-dan LCS tipli gəmiləri almaq imkanını qiymətləndirir
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaxın gələcəkdə silməli olduğu gəmilər üçün potensial alıcı ortaya çıxıb.
“Poliqon” xəbər verir ki, Çin (Tayvan) Müdafiə Nazirliyi ABŞ istehsalı LCS tipli gəmilərin alınması imkanını nəzərdən keçirir.
Tayvanın müdafiə nazirinin müavini Aleks Po bildirib ki, Çin öz gəmiqayırma sənayesini inkişaf etdirməyə sadiqdir, lakin ABŞ gəmilərinin Tayvanı müdafiə etmək qabiliyyətini də qiymətləndirəcək. Hazırda yeganə çəkindirici amil bu gəmilərin saxlanma qiymətinin yüksək olmasıdır.
“Littoral Combat Ships” (LCS) – ABŞ-ın sahilyanı döyüş gəmiləri (“sahil gəmiləri”) yaradılması proqramıdır. Bu proqram çərçivəsində ABŞ HDQ “Lockheed Martin Corporation” şirkəti tərəfindən istehsal olunan LCS-1 “Freedom” və “Austal USA” şirkəti tərəfindən yığılan LCS-2 “Independence” olmaqla iki növ gəmi alır. Hər iki gəmi oxşar xüsusiyyətlərə və silahlara malikdir, lakin gövdə tipinə görə əhəmiyyətli dərəcədə fərqlənirlər. ABŞ HDQ 2030-cu ilə qədər iki növdən olan 60 ədədə yaxın gəmini silahlanmaya qəbul etməyi planlaşdırıb.
LCS-1 “Freedom” tipli gəmilərin uzunluğu 115 m, eni 17,5 m, suya çökməsi 3,7 m və subasma qabiliyyəti 3500 tondur. Gəmilər 45 düyün (83 km/saat) sürət yığa və 6500 km-ə qədər məsafə qət edərək 21 gün dənizdə qala bilir. Gəmilərin hər birinin heyəti yerinə yetiriləcək vəzifələrdən asılı olaraq 15, 50 və ya 75 nəfərdən ibarət ola bilir. LCS-1 “Freedom” tipli gəmilər 57 mm-lik avtomatik Mk 110 topları, RIM-116 zenit raketləri, Mark 50 torpedaları və NETFIRES PAM “yer-yer” sinif raketləri ilə silahlandırılıb. Bundan başqa, gəmilərdə iki ədəd MH-60R/S “Seahawks” helikopteri və MQ-8 “Fire Scout” pilotsuz uçuş aparatı üçün platforma və anqar var.
LCS-2 “Independence” tipli gəmilər gövdə tipinə görə trimarandır və öz sinfində dünyanın ən böyük gəmilərindən biri hesab olunurlar. Hər bir gəminin uzunluğu 127,4 m, eni 31,6 m, suya çökməsi 4,3 m, subasma qabiliyyəti 2300-dən 3100 tona qədərdir. Trimaran 47 düyün (87 km/saat) sürət yığa və bir dəfə yanacaq doldurmaqla 8000 km-ə qədər məsafə qət edə bilir. Gəmilərin hər biri 57 mm-lik avtomatik Mk 110 topları, 4 ədəd 12,7 mm-lik pulemyot və on bir ədəd “Evolved SeaRAM” raketli buraxma qurğusu ilə silahlanıb. Bundan başqa, gəmilərdə iki ədəd MH-60R/S “Seahawks” helikopteri və MQ-8 “Fire Scout” pilotsuz uçuş aparatı üçün platforma və anqar var.
Əhəd Əzizov