
“TİTRA Teknoloji” IDEF-2025-də yeni nəsil müdafiə sistemlərinin təqdimatını keçirib
“Pasifik Teknoloji” şirkətinin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “TİTRA Teknoloji” şirkəti IDEF-2025 sərgisində ALPİN-2 yeni nəsil pilotsuz helikopterini, SEYYAH vizual naviqasiya sistemi və PARS VTOL pilotsuz uçuş aparatını təqdim edib.
“Poliqon” xəbər verir ki, bununla bağlı sərgidə təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, IDEF sərgisinin hər anının təqdimatlarla və beynəlxalq əməkdaşlıqlarla dolu keçdiyini vurğulayıb.
“Müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərimiz, bir texnologiya səfərbərliyi ruhu ilə bütün imkanlardan istifadə edərək məhsullarını, platformalarını və proseslərini təkmilləşdirmək və qəhrəman ordumuzun xidmətinə təqdim etmək üçün bir-biri ilə yarışır.
Bu gün təqdimatını etdiyimiz məhsullardan biri (ALPİN-2) Quru Qoşunları Komandanlığımızın və Xüsusi Təyinatlı Qüvvələrimizin çətin coğrafiyalarda logistika ehtiyaclarını qarşılamaq üçün hazırlanmışdır. PUA, sahədəki əsgərlə birlikdə inkişaf etdirilərək artıq təhvil veriləcək səviyyəyə çatdırılmışdır. Xüsusilə avtopilot proqram təminatının milliləşdirilməsi ilə həm təchizat, həm də proqram baxımından son halını almışdır”, – deyə H.görgün qeyd edib.
“Pasifik Holding” İdarə Heyətinin sədri Fatih Erdoğan isə şirkətin bir çox sahədə investisiyaları olduğunu, lakin müdafiə sənayesi sahəsindəki sərmayələrinin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Biz də bu mənada təxminən 1.5 il əvvəl TİTRA-nı “Pasifik Teknoloji”nin tərkibinə daxil etdik. O zaman çox həyəcanlı idik. İndi isə bunun qürurunu yaşayırıq, çünki artıq məhsullar ortaya çıxmağa başlayıb. Müdafiə Sənayesi Komitəmizin istiqamətləndirməsi və təşviqləri ilə ALPİN-2 məhsulumuzda 80% yerli istehsala nail olmuşuq. Eyni zamanda, digər kritik məhsullarımızı da sizlərə təqdim edirik”.
Türkiyənin ilk və yeganə yerli pilotsuz helikopteri olan ALPİN-in yeni versiyası ALPİN-2 daha güclü, ağıllı və tamamilə müstəqil platformadır. Təchizat və proqram təminatında 100% yerli avtopilot sistemi ilə hazırlanmış ALPİN-2, xarici asılılığı tamamilə aradan qaldırır. Elektron müharibə mühitlərində – siqnal qarışdırma və boğma şəraitində belə fəaliyyət göstərə biləcək qabaqcıl alqoritmlər, milli müdafiənin oyun dəyişdirici gücünü dəstəkləyir.
Yeni nəsil mühərriki, əvvəlki versiyaya nisbətən 20 at gücü daha artıq güc çıxışı təmin edərək daha sabit uçuş və çətin hava şəraitində stabilizasiya qabiliyyəti yaradır. İnteqrasiya olunmuş vinç mexanizmi ilə yükdaşıma əməliyyatları daha təhlükəsiz və dəqiq şəkildə həyata keçirilə bilir.
GPS olmayan və ya siqnalların qarışdırıldığı mühitlərdə fəaliyyət göstərə bilən inkişaf etmiş vizaul naviqasiya qabiliyyəti, ALPİN-2-ni hərbi əməliyyatlarda daha funksional edir.
Hərbi istifadə məqsədilə hazırlanmış FPV dron platforması MERKÜT ilə tam inteqrasiyası uğurla tamamlandığından, ALPİN-2 silahlı pilotsuz hava vasitəsində də istifadə oluna bilir.
Bu inteqrasiya sayəsində “hava-hava”, “hava-quru” və mürəkkəb əməliyyat ssenarilərində unikal üstünlüklər əldə edilir. Yenilənmiş xüsusiyyətləri ilə ALPİN-2, Türkiyənin milli müdafiə gücünə əhəmiyyətli töhfə verən platforma kimi önə çıxır.
SEYYAH vizual naviqasiya sistemi TİTRA tərəfindən hər cür platformaya uyğunlaşdırıla biləcək şəkildə inkişaf etdirilmiş yüksək dəqiqlikli mövqe təyinetmə texnologiyası ilə seçilir.
Xəritə uyğunlaşdırılması və süni intellekt dəstəyi ilə vizual məlumatların analizi birləşdirilərək, GPS siqnallarının pozulduğu və ya tamamilə sıradan çıxarıldığı qarışdırma və aldadıcı mühitlərdə hava vasitələrinə avtopilotun ehtiyac duyduğu məlumatları yüksək dəqiqliklə təqdim edir. SEYYAH, aşağı yüksəklikdə uçan PUA-lar üçün hazırlanıb, lakin yalnız sensor dəsti dəyişdirilməklə yüksək hündürlükdə fəaliyyət göstərən daha böyük hava vasitələrinə də inteqrasiya oluna bilər.
PARS VTOL isə vertikal qalxma-enmə qabiliyyəti, aşağı səs izi, artırılmış çeviklik və inkişaf etmiş tapşırıq bacarığı ilə diqqət çəkir. 4 saat havada qala bilən bu PUA, 60 km-ə qədər rabitə məsafəsinə, 1500 metr əməliyyat yüksəkliyinə və 4500 metr xidmət tavanına sahibdir. O, real vaxtda video ötürülməsi bacarığına, inkişaf etmiş EO/IR kamera sistemlərinə, lazer hədəfləmə qabiliyyətinə və modular quruluşa malikdir.
Yerli və milli texnoloji avadanlıq, avtonom əməliyyat xüsusiyyətləri ilə təchiz edilmiş PARS VTOL, sahədəki əməliyyat effektivliyini artırmağı hədəfləyir və dəyişdirilə bilən başlıq strukturu ilə fərqli ehtiyaclara uyğun innovativ həllər təqdim edir.