
Türk dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin görüşü keçirilib
Türkiyənin Ankara və İstanbul şəhərlərində iyunun 29-dan iyulun 1-dək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib.
“Poliqon” xəbər verir ki, ilk dəfə keçirilən iclasda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən hərbi, iqtisadi, enerji, nəqliyyat, qida təhlükəsizliyi, informasiya təhlükəsizliyi, terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə mövzularında müzakirələr aparılıb. Bu istiqamətdə müasir çağırış və təhdidlərin öhdəsindən gəlinməsinə dair fikir mübadiləsi edilib və bu sahələrdə türk dövlətləri arasında güclənən əməkdaşlığın əhəmiyyətli olduğu vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən nümayəndə heyətləri daxili işlər naziri Süleyman Soylu və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbərliyi ilə görüşüblər. Bununla yanaşı, heyətlər TÜSAŞ şirkətini ziyarət edib, istehsal olunan müdafiə sənayesi məhsulları ilə yaxından tanış olublar.