Türk Ordusu yeni nəsil “Fırtına” özüyeriyən haubitsalarla silahlanır

Türk Ordusu yeni nəsil “Fırtına” özüyeriyən haubitsalarla silahlanır

Türkiyə Silahlı Qüvvələrinə 6 ədəd 155 mm-lik yeni nəsil “Fırtına” özüyeriyən artilleriya qurğusu (ÖAQ) təhvil verilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Müdafiə Nazirliyinin Arifiye şəhərciyində yerləşən BMC zavodunda keçirilən yeni nəsil “Fırtına” özüyeriyən haubitsaların təhvilvermə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və istehsalçı şirkətlərin nümayndələləri iştirak edib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdakı dövr ərzində Türkiyə Ordusunun istifadəsinə veriləcək “Fırtına” özüyeriyən haubitsaların sayının 140-a qədər artırılması planlaşdırılır.

Türkiyə Prezidenti bu texnikalar üçün hazırlanan mühərrik və transmissiya sistemləri ilə bağlı işlərin iki il ərzində tamamlanacağını qeyd edib. 2025-ci ildən etibarən isə “Fırtına”lar artıq yerli mühərrik və transmissiya sistemləri ilə çalışmağa başalayacaq. Bu da öz növbəsində ixrac zamanı Türkiyənin üzləşdiyi lisenziya embarqosu problemini tam şəkildə həll edəcək.

Yeni nəsil “Fırtına” özüyeriyən haubitsalar hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan “Fırtına”lar ilə müqayisədə daha üstün bacarıqlara sahibdir.

Belə ki, aparlan işlər nəticəsində yeni nəsil “Fırtına” haubitsaların həm sağ qalma qabiliyyəti, həm də atış gücü artırılıb. Bunun üçün “Fırtına” yeni nəsil atəş idarəetmə sistemi, avtomatik yanğın söndürmə sistemi, habelə sursat yükləmə və uzaqdan idarə olunan silah sistemi ilə təchiz edilib.

Həmçinin yenilənmiş tırtıl və asqı sistemi, ehtiyat güc qrupu (bloku/hissəsi) ilə özüyeriyən haubitsanın hərəkət bacarığı da əhəmiyyətli dərəcədə yüksəldilib.

Qeyd edək ki, yeni nəsil “Fırtına” özüyeriyən haubitsa yerli BMC, ASELSAN, MKE və ASFAT şirkətlərinin birgə istehsalıdır.

Poliqon.az

CATEGORIES
TAGS