Türkiyə və Azərbaycan arasında kosmik sahədə müqavilə imzalanacaq
Türkiyə kosmik sahədə Azərbaycan və Pakistanla müqavilə imzalayacaq.
“Poliqon” xəbər verir ki, bunu Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank “Anadolu” agentliyində çıxışı zamanı deyib.
“Bu günə qədər kosmik fəaliyyətlərimiz sahəsində üç ölkə ilə beynəlxalq müqavilə imzalamışıq. Pakistan və Azərbaycanla müqavilələrimiz hazırdır, imzalanma mərhələsinə gəldik”, – deyə Mustafa Varank vurğulayıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyənin Milli Kosmik Proqramının hədəflərini açıqlayıb. Ərdoğan kosmik sahədə strateji proqramın yeni nəsil milli peyklər istehsal etmək, kosmosla əlaqə qurmaq, kosmik liman yaratmaq kimi mühüm sahələri əhatə etdiyini deyib. Prezident bildirib ki, proqram çərçivəsində 2023-cü ilə qədər Türkiyə vətəndaşı olan kosmonavtın Aya göndərilməsi planlaşdırılır.