Türkiyə Əmniyyət Baş İdarəsi “Bell” şirkəti ilə müqavilə imzaladı
Türkiyənin Əmniyyət Baş İdarəsi ilə “Bell Helicopter Textron” şirkəti arasında “Yüngül Sinifli İki Mühərrikli Helikopterin satınalınması layihəsi” üzrə müqavilə imzalanıb. Bu barədə “AzeriDefence” Türkiyə Əmniyyət Baş İdarəsinə istinadən məlumat verib.
Müqavilə çərçivəsində Türkiyə Əmniyyət Baş İdarəsi “Bell” şirkətindən 15 ədəd “Bell-429” helikopteri alacaq.
Müqavilənin imzalanma mərasimində Türkiyə müdafiə sənayesi katibi Murad Bayar, Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kılınclar, “Bell Textron” İdarə Heyətinin sədri Larri Blanford, Kanada və ABŞ-ın Türkiyədəki səfirləri və digər rəsmi şəxslər iştirak edib.
Gecə və gündüz, hər cür hava şəraitində tapşırıqları yerinə yetirə bilmə imkanlarına sahib olan “Bell-429” helikopterləri onlarda qurulmuş həssas kameralar ilə havadan kəşfiyyat, müşahidə apara, hədəfi təsbit edə bilir. İki pilot və 6 yolçu tutumlu “Bell-429” helikopterləri 4 saat havada qala bilir. Helikopterin sürəti 280 km/saatdır.