
Türkiyə Gürcüstana yanğın söndürmə dəstləri tədarük edir
Türkiyənin ASFAT şirkəti tərəfindən istehsal edilən yanğın söndürmə dəstlərinin ölkə xaricinə ixrac olunmasına başlanıb.
ASFAT-dan “Poliqon”a verilən məlumata görə, şirkət ilə Gürcüstan arasında yanğn söndürmə dəstlərinin tədarükünə dair müqavilə imzalanıb.
Müqaviləyə görə, Gürcüstan ilkin mərhələdə 2.5 tonluq yanğın söndürmə dəstləri əldə edəcək.
Milli Müdafiə Nazirliyinə (MSB) bağlı olan ASFAT şirkətinin ötən aylarda Türkiyə Silahlı Qüvvələrinə təhvil verdiyi bu dəstlər meşə yanğınları ilə mübarizədə geniş istifadə olunub. ASFAT tərəfindən Türkiyə Hərbi Zavodlarında istehsal olunan yanğın söndürmə dəstləri Silahlı Qüvvələrə məxsus təyyarə və helikopterlərə quraşdırılaraq yanğınlara sürətli və effektiv şəkildə müdaxilə imkanı verib.
Qeyd edək ki, ASFAT yanğın dəstlərinin istehsalına başlaması ilə Türkiyədə bir ilkə də imza atıb. Bu dəstləri 2022-ci ilə qədər xaricdən satın alan və həmin vaxt problemlərlə üzləşən Türkiyə, artıq yanğın söndürmə dəstlərini yerli və milli olaraq istehsal edir.
Yanğın söndürmə dəstləri helikopterlərə bir dəfə də 2.5 ton su daşımaq bacarığı və bir saat ərzində yanğına 30 ton su ilə müdaxilə etmək imkanı verir.