Türkiyə HDQ-nin aviasiya parkı “Super Cobra”larla gücləndiriləcək

Türkiyə HDQ-nin aviasiya parkı “Super Cobra”larla gücləndiriləcək

Türkiyə Quru Qoşunlarının inventarında yer alan 10 ədəd AH-1W “Super Cobra” tipli hücum helikopteri ölkənin Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil veriləcək.

“Poliqon” xəbər verir ki, AH-1W “Super Cobra” helikopterlərinin HDQ-yə təhvil verilməsi 2022-ci ilin may ayından başlayaraq həmin ilin sonuna kimi həyata keçiriləcək.

Bununla, Türkiyə HDQ aviasiya parkına ilk dəfə olaraq hücum helikopterləri əlavə etmiş olacaq.

AH-1W “Super Cobra” helikopterlərinin yaxın vaxtlarda Türkiyə HDQ-nin istismarına verilməsi planlaşdırılan “TCG Anadolu” amfibiya tipli hücum gəmisinə inteqrasiya edilməsi nəzərdə tutulub.

Bundan əlavə, Hərbi Dəniz Qüvvələri TUSAŞ şirkəti tərəfindən həyata keçirilən T929 “ATAK-II” zərbə helikopterinin layihəsində də iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Quru Qoşunları Komandanlığının ehtiyacları əsasında 90-cı illərdə terrorla mübarizə məqsədilə ABŞ-dan alınmış AH-1W “Super Cobra” helikopterləri ABŞ Dəniz Piyadaları tərəfindən istifadə edilməsi səbəbilə dəniz şəraitinə uyğun hazırlanıb.

Quru Qoşunlarının aviasiya parkından çıxarılan AH-1W “Super Cobra”ların yerini 2014-2021-ci illər ərzində TUSAŞ şirkəti tərəfindən tədarük edilən 50-dən çox T129 ATAK hücum və taktiki kəşfiyyat helikopteri alıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS