
Türkiyə istehsalı “Boran” haubitsaları Şimali Makedoniyaya çatıdırılıb
Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı olan “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti istehsal etdiyi 105 mm-lik “Boran” haubitsalarını Şimali Makedoniya Ordusuna təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
O qeyd edib ki, “Boran”ların Şimali Makedoniyaya çatıdırılması Türkiyənin Avropa qitəsinə ilk haubitsa ixracı olduğu üçün böyük əhəmiyyət kəsb edir.
Yedəkdə daşınan 105 mm-lik “Boran” haubitsası Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin Milli Müdafiə Nazirliyinə bağlı MKE şirkətinin mühəndisləri tərəfindən dizyan edilib və hazırlanıb. Bununla çətin ərazi şəraitində aparılan əməliyyatlarda Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması hədəflənib.
Kütləsi 1780 kiloqram olan “Boran” haubitsası istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Haubitsa gecə-gündüz 360 dərəcə atəş açmaq, 1 dəqiqə ərzində hazır vəziyyətə gətirilmək, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir. Atəşi idarəetmə sistemi ilə təchiz edilən “Boran”ın atış uzaqlığı 17 kilomter təşkil edir. 105 mm-lik top dəqiqədə 6 atəş aça bilir.