Türkiyə Rusiyadan S-400 ZRS-in ikinci partiyasını alır

Türkiyə Rusiyadan S-400 ZRS-in ikinci partiyasını alır

Rusiya və Türkiyə arasına S-400 zenit-raket sistemin (ZRS) ikinci partiyasının tədarükü üçün müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev TASS informasiya agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyə hökuməti ordunun ehtiyaclarını qarşılamaq məqsədilə 2017-ci il sentyabr ayında Rusiya ilə 4 divizion S-400 ZRS-nin satın alınması üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib. Bu razılaşma ilə Türkiyə Rusiyadan S-400 alan ilk NATO ölkəsi olub.

Razılaşma çərçivəsində 1,3 milyard ABŞ dolları dəyərində olan ilk tədarük 2019-cu il iyul ayından etibarən çatdırılıb.

Türkiyənin Rusiyadan S-400 almasına sərt reaksiya göstərən ABŞ 2020-ci ilin dekabrında F-35 “Lightning II” döyüş təyyarələrinin Türkiyəyə verilməsinə embarqo tətbiq edib.

S-400 ZRS 1990-cı illərdən başlayaraq Rusiyanın “Almaz” mərkəzi dizayn bürosu tərəfindən hazırlanmağa başlanılıb. Sistem 2007-ci ildən Rusiya ordusunda xidmətdədir.

S-400 sisteminə çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, zenit-raket sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir.

Poliqon.az

 

CATEGORIES
TAGS