
Türkiyə və Böyük Britaniya arasında “Eurofighter”lərin tədarükünə dair Anlaşma Memorandumu imzalanıb
Türkiyə və Böyük Britaniya arasında “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, sözügedən memorandum IDEF-2025 sərgisində Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri arasında keçirilən ikitərəfli görüşdən sonra imzalanıb. Sənədi Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Böyük Britaniyanın müdafiə naziri Con Hili imzalayıblar.
İmza mərasimində çıxış edən Yaşar Güler, iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıb.
NATO daxil olmaqla uzun müddətdir davam edən müdafiə əməkdaşlığımızın, müdafiə sənayesi və təhlükəsizlik sahələrində artan əlaqələrimizin əhəmiyyətini vurğuladıq. Eyni zamanda, birgə çəkindiriciliyi dəstəkləmək məqsədilə strateji tərəfdaşlığımızı dərinləşdirmək öhdəliyi götürdük.
Digər tərəfdən, müzakirə etdiyimiz mühüm mövzulardan biri də “Eurofighter Typhoon” təyyarələri ilə bağlı idi. Türkiyənin “Eurofighter Typhoon” istifadəçisi kimi qəbul edilməsinin NATO-nun əsas müttəfiqləri olan ölkələrimiz arasındakı dostluq bağlarını daha da gücləndirəcəyinə, ölkəmizin hava imkanlarının artırılması ilə NATO-nun hava gücünün də artacağına, qabiliyyətlərimizlə bağlı əməkdaşlığı gücləndirəcəyinə, o cümlədən iki ölkənin müdafiə sənayelərini dünya səviyyəli avadanlıqların qarşılıqlı alınması yolu ilə dəstəkləyəcək yeni bir dövrün başlanğıcını təşkil edəcəyinə inanıram”.
Onun sözlərinə görə, bu çərçivədə imzalanan Anlaşma Memorandumu, Türkiyəni “Eurofighter Typhoon” mövzusunda tam əhatəli bir razılaşmaya bir addım daha yaxınlaşdırır.
“Ölkəmizin “Eurofighter Typhoon” ailəsinə qoşulması istiqamətində atılan bu müsbət addımı məmnunluqla qarşılayır, lazımi tənzimləmələrin ən qısa zamanda yekunlaşdırılması yönündə birgə qətiyyətimizi bir daha ifadə etmək istəyirəm”, – deyə Y.Güler qeyd edib.