Türkiyədə “Boran”ın seriyalı istehsalına dair müqavilə imzalanıb

Türkiyədə “Boran”ın seriyalı istehsalına dair müqavilə imzalanıb

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti və Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında 105 mm-lik “Boran” yedəkdə daşınan yüngül artilleriya topunun seriyalı istehsalına dair müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Makine ve Kimya Endüstrisi” şirkəti məlumat yayıb.

105 mm-lik “Boran” topu Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin Milli Müdafiə Nazirliyinə bağlı “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin mühəndisləri tərəfindən dizyan edilib və hazırlanıb. Bununla, çətin ərazi şəraitində aparılan əməliyyatlarda Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması hədəflənib.

Kütləsi 1780 kiloqram olan “Boran” artilleriya qurğusu istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Top gecə-gündüz 360 dərəcə atəş açmaq, 1 dəqiqə ərzində hazır vəziyyətə gətirilmək, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir.

Atəşi idarəetmə sistemi ilə təchiz edilən “Boran” topunun atış uzaqlığı 17 kilomter təşkil edir. 105 mm-lik top dəqiqədə 6 atəş aça bilir.

Xatırladaq ki, “Boran” beynəlxalq standartlardakı 24 sınaqdan uğurla keçərək 2021-ci ilin yanvarında Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul olunub və onun ilk partiyası ötən ilin dekabr ayında Quru Qoşunlarına təhvil verilib.

Bundan əlavə topun ilk xarici müştərisi olan Şimali Makedoniya, MKE şirkətinə hər birində 6 ədəd olmaqla 3 batareya (ümumilikdə 18 ədəd) “Boran” sifariş edib.

Qeyd edək ki, hazırda Filippin Ordusu da Türkiyənin “Boran”, ABŞ-ın M119A3 və Fransanın LG1 Mk III yedəyə alınan haubitsaları ilə maraqlanır.

FutRoo7X0AAmW4w

Poliqon.az

CATEGORIES
TAGS