
Türkiyənin buludaltı PUA-ları Misir vasitəsilə Afrika bazarına çıxır
Türkiyənin HAVELSAN şirkəti Misirin aparıcı sənaye qurumlarından olan Arab Organization for Industrialization (AOI) ilə BAHA, BULUT və BOZBEY buludaltı pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı üçün strateji əməkdaşlıq sazişi imzalayıb.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu strateji tərəfdaşlıq çərçivəsində avtonom PUA-ların yığılması və birgə istehsalı həyata keçiriləcək.
Razılaşma ilə bölgəyə uyğun qiymət-performans həlləri təqdim olunaraq Misirin və Afrika bazarının ehtiyaclarına cavab veriləcək.
HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar imza mərasimində çıxış edərək deyib: “AOI kimi güclü bir tərəfdaşla birlikdə işləməkdən böyük məmnuniyyət duyuruq. Bu əməkdaşlıq, avtonom PUA texnologiyalarını bölgəyə qazandırmaqla yanaşı, yerli istehsal imkanlarını artıracaq və Afrika bazarına güclü şəkildə daxil olmağımıza şərait yaradacaq. Qlobal miqyasda etibarlı, səmərəli və innovativ həllər təqdim edən bir marka və güclü oyunçu olaraq, yüksək texnologiyalar inkişaf etdirməyə və regional bazarlara dəyər qatmağa davam edəcəyik”.
AOI-nin prezidenti general-mayor Muxtar Abdullatif isə bildirib ki, HAVELSAN-ın texnologiya sahəsindəki təcrübəsinin AOI-nin istehsal qabiliyyəti ilə birləşməsi Misirin müdafiə və texnologiya visionunu dəstəkləyəcək.
Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız istehsal deyil, eyni zamanda texnoloji müstəqillik və davamlı ixrac üçün də böyük bir addımdır.
Avtonom texnologiyalar və PUA sahəsində mühüm təcrübəyə malik olan HAVELSAN, hazırladığı BAHA, BULUT və BOZBEY buludaltı PUA-larla sahədə sınaqdan çıxmış həllər təqdim edir.
Bu imkanlar HAVELSAN-ın beynəlxalq bazarlarda güclü mövqe əldə etməsinə şərait yaradır və yeni əməkdaşlıqlar vasitəsilə daha geniş coğrafiyalarda yayılmasına imkan verir.
AOI ilə imzalanan əməkdaşlıq sazişi sayəsində HAVELSAN, Afrika və Misir bazarına qiymət-performans baxımından səmərəli həllərlə daxil olmağı və bölgədəki müdafiə sənayesi ekosisteminə mühüm töhfələr verməyi hədəfləyir.
Razılaşmanın Türkiyə və Misir arasındakı sənaye əlaqələrini gücləndirməsi gözlənilir.