Türkiyənin Pakistan donanması üçün inşa etdiyi üçüncü gəmi suya endirilib

Türkiyənin Pakistan donanması üçün inşa etdiyi üçüncü gəmi suya endirilib

Türkiyənin ən böyük müdafiə ixrac layihəsi olan PN MİLGEM Layihəsi çərçivəsində üçüncü gəmi suya endirilib.

Bu barədə “Poliqon”a Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, ASFAT şirkətinin baş podratçılığı ilə inşa edilən və Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək “PNS Khaibar” adlı üçüncü PN MİLGEM gəmisinin noyabrın 25-də İstanbul Tərsanə Komandanlığında keçirilən suya endirilmə mərasimində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və iki ölkənin yüksək səviyyəli rəsmiləri iştirak edib.

PN MİLGEM Layihəsi çərçivəsində 4 gəminin inşası eyni vaxtda davam edir. 6 sentyabr 2018-ci ildə ASFAT ilə Pakistan Müdafiə İstehsalat Nazirliyi arasında 4 gəmilik proqram üzrə müqavilə imzalanıb.

Layihənin ilk gəmisi “PNS Babur” 15 avqust 2021-ci il tarixində İstanbul Tərsanə Komandanlığında, ikinci gəmi “PNS Badr” isə 20 may 2022-ci ildə Kəraçi Tərsanə Komandanlığında suya buraxılıb.

Kəraçi Tərsanə Komandanlığında inşası davam edən seriyanın son gəmisi “PNS Tariq” 2023-cü ilin mayında suya buraxılması planlaşdırılır.

Dünyada nadir rast gəlinən layihədə 4 gəminin müxtəlif mərhələlərdə inşası hər iki tərsanədə eyni vaxtda davam edir. İnşa edilən bütün gəmilər hər 6 aydan bir İstanbul və Kəraçidə istehsalını tamamladıqdan sonra Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulub.

PN MİLGEM Layihəli gəminin uzunluğu 108,2 m, eni 14,8 m, su tutumu 2985 ton təşkil edir. 142 personalı daşımaq qabiliyyətinə malik gəminin sürət 26+ düyün, qət ediləcək məsafəsi 4000 NM-dir. Gəmi 1 ay ərzində bazadan uzaqda əməliyyat aparmaq imkanına sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS