
Türkiyənin “Ulaq” insansız kateri yerli mühərriklə üzəcək
Türkiyənin “Ares Tersanesi” və “Meteksan Savunma” şirkətləri tərəfindən birgə hazırlanan “Ulaq” insansız silahlı kateri yerli mühərrik ilə üzəcək.
“Poliqon” “Meteksan Savunma”ya istinadən xəbər verir ki, “Ulaq” katerinin mühərriki bu sektorda ixtisaslaşmış Türkiyənin TÜMOSAN şirkəti tərəfindən istehsal olunaraq təmin ediləcək.
Beləliklə, Türkiyədə həyata keçirilən digər layihələrdə olduğu kimi “Ulaq” katerində də yerlilik və millilik payı artırılır, xaricdən alınan hissələrin sayı azaldılır. Bu həmin müdafiə sənayesi məhsulunun həm ölkənin 100% öz imkanları ilə hazırlanmasına müsbət təsir göstərir, həm də ixrac zamanı Tükiyənin üzləşdiyi embarqoları minimuma endirir.
Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) və “Ares Tersanesi” arasında “Ulaq” insansız ASuW (Anti-Surface Warfare) və ASW (Anti-Submarine Warfare) modellərinin tədarükünə dair müqavilə imzalanıb.
İlk başda “Roketsan” şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılaması nəzərdə tutulan “Ulaq” insansız kateri hazırda silah arsenalının müxtəlifliyi ilə seçirilir. 2022-ci il dekabrın 11-də “Ulaq”ın yeni konfiqurasiya edilmiş vesiyasının təqdimatında artırılmış silah çeşidliliyi də nümayiş etdirilib.