Türkmənistan paradda ordusunun silahlarını nümayiş etdirib – VİDEO

Türkmənistan paradda ordusunun silahlarını nümayiş etdirib – VİDEO

Aşqabadda müstəqilliyinin 31-ci ildönümü şərəfinə keçirilən paradda Türkmənistan Ordusunun hərbi texnikası nümayiş etdirilib.

“Poliqon” Türkmənistan televiziyasına istinadən xəbər verir ki, ənənəvi olaraq, bayram paradı sentyabrın 27-də məşhur bayraq qrupunun çıxışı ilə başlayıb.

Əlahiddə Fəxri qarovul taborunun əsgərləri təntənəli marşın sədaları altında Türkmənistan bayrağını və ordunun bütün qoşun növlərinin döyüş bayraqlarını meydandan keçiriblər. Sonra kursantlar və ordunun bütün qoşun növlərindən olan hərbi qulluqçulardan ibarət taborlar tribuna önündən keçiblər.

Onların ardınca isə müxtəlif hərbi texnikalar meydandan keçmiş, Türkmənistanın döyüş təyyarələri səmada uçub.

Aşqabadda hərbi paradla eyni vaxtda Xəzər dənizindəki limanın akvatoriyasında flotiliyanın bayram paradı keçirilib. Ölkənin hərbi gəmilərinin paradını 2021-ci ildə Türkmənistan Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil olan “Deniz han” korveti açıb. Onun ardınca “Edermen” və “Gaýratlı” raket katerləri gəlib. Daha sonra ölkənin dəniz sərhədlərinin təhlükəsizliyini təmin edən “Galkan” sinifli sərhəd gözətçi gəmiləri hərəkət edib.

Bu arada, paradda hərbçilər müxtəlif təyinatlı texnika və müxtəlif şirkətlərin təkərli zirehli texnikasından ibarət parkı nümayiş etdiriblər.

Döyüş tapşırıqlarını çevik və maneəsiz yerinə yetirmək üçün “Türkmen edermen” xüsusi təyinatlıları XP-1000, MV-850, BIG BOSS-570 kvadrosiklləri alıblar. Qeyd edək ki, Türkmənistanda xüsusi əməliyyatların aparılması üçün MRZR-D2, MRZR-D4, DAGOR markalı hərbi maşınlardan da istifadə edilir.

Meydandan çoxlu sayda müxtəlif zirehli texnikalar, o cümlədən NIMR, Al SHIBL2, BTR-80A, BARS, TITAN-DS, “Kirpi”, BMP-2D, BMP-3, IVECO M65, “Fırtına-Rider” və “Lazar III” keçib. Paradda Rusiya istehsall KamAZ-63968 “Tayfun-K” zirehli avtomobili və T-90S tankları da nümayiş etdirilib.

Paradda ZSU-23-4 “Şilka”, 9K35 “Strela-10”, 2K12 KUB, FD-2000, KS-1A, S-125 “Pechora-2BM” və FM-90 kimi müxtəlif hava hücumundan müdafiə sistemləri də nümayiş etdirilib.

Eləcə də 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğuları, D-30 haubitsaları və D-20 top-haubitsaları, BM-21A “BelQrad” və 9K58 “Smerç” yaylım atəşli reaktiv sistemlər parad sıralarında keçib.

Paradda həmçinin “Bayraktar TB2”, “Falco”, SKY STRIKER, “Orbiter 2B” və “Autogyro Cavalon” pilotsuz uçuş aparatları da mexanikləşdirilmiş kolonların tərkibində keçid edib.

Meydan üzərindəki səmada “Mi-17V-5”, “Mi-24”, “Eurocopter-145”, “Eurocopter-365”, “Agusta-139” və “Agusta-109” helikopterləri, “A-29 Super Tucano”, “Diamond-42”, “An-74”, “C-27J Spartan” və “Su-25” döyüş təyyarələri parad düzülüşündə uçublar.

Xatırladaq ki, Türkmənistan 2020-ci ildə Braziliyanın “Embraer” şirkətinə 6 ədəd “A-29 Super Tucano” hücum təyyarəsi sifariş edib.

Paradın sonunda “M-346” təyyarələri qrupu səmada yüksək pilotaj və mürəkkəb dönüşlər nümayiş etdirib. 6 ədəd “Aermacchi M-346” Türkmənistanın 2021-ci ildə aldığı müasir İtalya təlim-döyüş təyyarəsidir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES