TÜRKSAT 6A peykinin növbəti sınaqları keçirilib
Türkiyənin ilk yerli və milli rabitə peyki olan TÜRKSAT 6A-nın günəş panelini açma-bağlama sınaqları keçirilib.
“Poliqon” Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sınaq TUSAŞ şirkətinin Kosmik Sistemlərin İnteqrasiyası və Test (USET) mərkəzində baş tutub.
Bildirlib ki, keçirilən sınaqlar Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, müdafiə sənayesi başqanı Haluk Görgün, milli müdafiə nazirinin müavini Şuay Alpay, TUSAŞ-ın baş direktoru Temel Kotil, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Türkiyə Kosmik Agentliyinin sədri Yusuf Kıraç və digər rəsmilər tərəfindən izlənilib.
TÜRKSAT 6A peyki Türkiyənin TÜBİTAK UZAY, TUSAŞ, ASELSAN və CTECH şirkətləri tərəfindən birgə istehsal olunur. Peykin istehsalı və sınaqları ilə bağlı bütün fəaliyyətlər TUSAŞ-ın USET mərkəzində aparılır. Yanacaqla birlikdə kütləsi 4 tondan çox olacaq peykin 2024-cü ilin iyun ayında kosmosa göndərilməsi və 42 dərəcə şərq uzunluğunda orbitə çıxarılması planlaşdırılır.
TÜRKSAT 6A-nın Türkiyə ilə yanaşı bir çox Avropa, Şimali Afrika, Yaxın Şərq və Asiya ölkələrinə də xidmət göstərməsi nəzərdə tutulub.