
TUSAŞ IDEF-də ilk dəfə MMU milli döyüş təyyarəsini təqdim edib
Türkiyənin TUSAŞ şirkəti IDEF-2021 sərgisində ilk dəfə olaraq MMU milli döyüş təyyarəsini təqdim edib.
“Poliqon”un məlumatına görə, MMU beşinci nəsil döyüş təyyarəsi 2023-cü il martın 18-də sınaqlara başlayacaq. Sertifikasiya prosesi də 3 il çəkəcək. Beləliklə Türkiyənin milli döyüş təyyarəsi 2029-cu ildə xidmətə başalayacaq.
Qeyd edək ki, Türkiyə 2011-ci ildən təyyarə istehsalı ilə bağlı layihəyə start verib. TUSAŞ şirkəti tərəfindən dizayn olunmuş və hazırlanan milli döyüş təyyarəsinə ASELSAN şirkətinin istehsalı olan AESA radarı inteqrasiya olunacaq. Bundan başqa MMU təyyarəsi ASELSAN və TUSAŞ şirkətlərinin birgə hazırlayacağı proqram təminatı sayəsində sürü halında uçan pilotsuz uçuş aparatlarına (PUA) nəzarət edəcək.
Həmçinin MMU-da ASELSAN-ın istehsalı olan radioelektron mübarizə sistemi, raket hücumundan xəbərdarlıq sistemi, lazer xəbərdarlıq sistemi quraşdırılacaq. Bundan başqa MMU döyüş təyyarəsi rəqəmsal radio dalğa yaddaşı (DRFM – Digital Radio Frequency Memory) və radio dalğaları qarışdıran sistemlə təchiz olunacaq.
“TRMotor” şirkəti MMU milli döyüş təyyarələrinin alt sistemlərini, o cümlədən APU və ATSS sistemlərini istehsal edəcək.
MMU milli döyüş təyyarəsi “Roketsan” şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan müxtəlif raket və bombalarla təchiz olunacaq.