“DSEI Japan-2025”: “Otokar” şirkəti zirehli nəqliyyat vasitələrini Yaponiyada sərgiləyir

“DSEI Japan-2025”: “Otokar” şirkəti zirehli nəqliyyat vasitələrini Yaponiyada sərgiləyir

Türkiyənin qlobal quru platformaları istehsalçısı olan “Otokar” şirkəti 21-23 may tarixlərində Yaponiyanın Çiba şəhərində keçirilən “DSEI Japan-2025” sərgisində iştirak edir.

“Otokar”dan “Poliqon”a verilən məlumata görə, sərgi çərçivəsində şirkət stendində KESKİN qüllə sistemi ilə təchiz olunmuş COBRA II və 30 mm-lik MIZRAK qüllə sistemi ilə təchiz olunmuş ARMA 8×8 zirehli nəqliyyat vasitələrini nümayiş etdirilir.

Bundan əlavə, şirkət təkərli və tırtıllı quru platformaları və qüllə sistemlərindəki üstün imkanlarını da ön plana çıxarır.

NATO və BMT təchizatçısı olan “Otokar”, qlobal müdafiə sənayesindəki mövqeyini gündən-günə möhkəmləndirir. “Otokar”ın hərbi vasitələri döyüş şəraitindən sülhməramlı əməliyyatlara qədər ən kritik missiyalarda yüksək dözümlülük və yüksək performans təqdim edir. Şirkətin qlobal təcrübəsinə əsaslanan bu vasitələr modulyar dizaynı, üstün hərəkət qabiliyyəti və böyük missiya uyğunlaşması ilə seçilir.

Sərgi ilə bağlı fikirlərini bölüşən şirkətin baş direktorunun müavini Sedef Vehbi, “Otokar”ın Türkiyənin ən böyük quru platforması ixracatçısı olduğunu bildirib: “Biz hər gün qlobal miqyasda mövqeyimizi gücləndiririk. Hal-hazırda 33 mindən çox hərbi vasitəmiz 40-dan çox ölkədə və 70-dən artıq son istifadəçi tərəfindən aktiv şəkildə istifadə olunur. Üstün dizayn, sınaq və istehsal imkanlarımız sayəsində dəyişən tələblərə sürətli cavab verə bilirik. “DSEI Japan” sərgisində ilk dəfə iştirak edirik və bu, yeni əməkdaşlıqlar qurmaq üçün mühüm fürsətdir. Geniş məhsul portfelimiz və quru sistemləri sahəsindəki təcrübəmizlə Yaponiya Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamağa hazırıq”.

COBRA II hazırda 20-dən çox ölkədə fəal istifadə olunur. Bu zirehli nəqliyyat vasitəsi istifadəçiyə yüksək səviyyəli ballistik, mina və ƏPQ (əldəqayırma partlayıcı qurğu) qorunması, geniş daxili həcm və yükdaşıma qabiliyyəti təklif edir. Yüksək güc-ağırlıq nisbəti ilə fərqlənən COBRA II, ən çətin ərazi və iqlim şəraitlərində yüksək performans göstərir.

COBRA II müxtəlif silah və missiya avadanlıqlarının inteqrasiyası üçün uyğundur. O, sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı missiyalarda uğurla istifadə olunur. COBRA II, modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, quru müşahidə radarı, KBRN kəşfiyyat vasitəsi, komanda idarəetmə maşını və ambulans kimi xidmət edə bilir.

“DSEI Japan-2025” sərgisində “Otokar”, KESKİN qülləsi ilə təchiz edilmiş COBRA II modelinin miqyaslı maketini nümayiş etdirir.

ARMA, “Otokar”ın çoxtəkərli modulyar zirehli nəqliyyat vasitəsidir, yüksək taktiki və texniki imkanlara malikdir. ARMA yüksək mina və ballistik qoruma, orta və yüksək kalibrli silah sistemlərinin inteqrasiyası, amfibiya (suda üzə bilən) versiyası, yüksək döyüş yükü və geniş daxili həcmi ilə seçilir.

ARMA ailəsi zirehli personal daşıyıcı, döyüş maşını, komanda-idarəetmə, texniki dəstək, tibbi evakuasiya və KBRN kəşfiyyat vasitəsi kimi müxtəlif versiyalarda istifadə oluna bilər. Hazırda beş ölkədə doqquz istifadəçi tərəfindən 650-dən çox ARMA zirehli nəqliyyat vasitəsisi aktiv xidmətdədir.

“Otokar”, “DSEI Japan-2025” sərgisində 30 mm MIZRAK qülləsi ilə təchiz olunmuş ARMA 8×8 modelinin miqyaslı maketini təqdim edir.

CATEGORIES
TAGS