
TUSAŞ və “Airbus” HÜRJET-in İspaniyaya tədarükü ilə bağlı əməkdaşlıq edəcək
IDEF-2025 sərgisi çərçivəsində TUSAŞ ilə “Airbus” şirkətləri arasında HÜRJET reaktiv təlim təyyarəsinin İspaniyaya ixracını sürətləndirəcək əməkdaşlıq sazişi imzalanıb.
“Poliqon” xəbər verir ki, bu saziş HÜRJET layihəsində iki şirkətin rollarını dəqiqləşdirməklə yanaşı, İspaniyanın reaktiv təlim təyyarəsi tədarükü prosesində TUSAŞ və “Airbus” əməkdaşlığını da rəsmiləşdirib.
Razılaşmanın əsas məqsədi HÜRJET-in İspaniya Hava-Kosmik Qüvvələrinin inventarına daxil olma prosesini sürətləndirməkdir.
Saziş çərçivəsində İspaniyanın təlim təyyarəsi ehtiyacını qarşılamaq üçün 30 ədədə qədər HÜRJET təyyarəsinin tədarükü planlaşdırılır. Yekun satış müqaviləsinin isə ilin sonuna qədər imzalanması nəzərdə tutulur. HÜRJET-lərin çatıdırılması 2028-ci ildən etibarən həyata keçiriləcək.
TUSAŞ və “Airbus” bu strateji addım ilə Avropa müdafiə sənayesində güclü və davamlı bir əməkdaşlıq qurmağı qarşıya məqsəd qoyur. Tərəflər arasında qurulan bu uzunmüddətli strateji tərəfdaşlıq, təkcə HÜRJET layihəsi ilə məhdudlaşmır, eyni zamanda Türkiyə və İspaniya arasında müdafiə və aviasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından da mühüm bir addım kimi qiymətləndirilir.
TUSAŞ tərəfindən inkişaf etdirilən HÜRJET, döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. Onun uzunluğu 13.6 m, hündürlüyü 5.1 m və qanad açıqlığı 9.5 metrdir. Maksimum uçuş sürəti 1.4 mach olan təlim təyyarəsinin uçuş tavanı 13-14 km və əməliyyat mənzili 2222 km təşkil edir.