Sultan Əl-Kuvari: “Barzan Holdings” Azərbaycan bazarına ciddi yanaşır
Bizim üçün sərgilərdə iştirak etmək və Azərbaycan kimi yeni bazarları araşdırmaq son dərəcə vacibdir.
“Poliqon” xəbər verir ki, bunu ADEX-2024 sərgisi çərçivəsində “Barzan Holdings” şirkətinin Proqramların İnkişafı üzrə direktoru Sultan Əl-Kuvari deyib.
Onun sözlərinə görə, “Barzan Holdings”, Qətər Müdafiə Nazirliyinin ticarət qoludur və 2016-cı ildən bəri əsasən Qətər Silahlı Qüvvələrinə və beynəlxalq bazarlara xidmət etmək məqsədilə yaradılıb: “Biz müxtəlif məhsul və xidmətlər istehsal etmək üçün müxtəlif müəssisələrə və törəmə şirkətlərə sərmayə yatırırıq, bunlara atıcı silahlar və döyüş sursatlarından tutmuş, pilotsuz uçan vasitələrlə mübarizə layihələrinə qədər olan yüksək texnologiyalı layihələr daxildir”.
Sultan Əl-Kuvari bildirib ki, “Barzan Holdings” şirkəti ADEX-2024 sərgisində özünün kiçik və orta kalibrli döyüş sursatlarını, atıcı silahlarını, süni intellekt əsaslı proqram təminatlarını, o cümlədən digər məhsul və xidmətlərini nümayiş etdirir.
“Bizim üçün sərgilərdə iştirak etmək və Azərbaycan kimi yeni bazarları araşdırmaq son dərəcə vacibdir. Bu, ADEX-dəki ilk iştirakımızdır. Biz bu bazara ciddi yanaşırıq. Biz yerli şirkətlərdən birinə investisiya etmişik və bununla bağlı birgə müəssisəmiz var. Daha da əhəmiyyətlisi, Avrasiya bazarı bizim üçün çox maraqlıdır. Biz artıq bölgədən çox sayda potensial müştəri cəlb etmişik, bir çox görüşlər keçirmişik və müxtəlif nümayəndəliklərlə məhsuldar qarşılıqlı əlaqələr qura bilmişik ki, ümid edirik, bunlar tezliklə müqavilələrə çevriləcək. Bu sərgi, yerli məqsədlərimizi həyata keçirməkdə gözləntilərimizi aşmağa kömək etdi”, – deyə şirkət nümayəndəsi qeyd edib.