TUSAŞ yeni sınaq mərkəzini istifadəyə verib
Türkiyənin TUSAŞ şirkəti “Hürjet” yüngül təlim-döyüş təyyarəsinin yeni sınaq mərkəzini istifadəyə verib.
TUSAŞ şirkətindən “Poliqon”a verilən məlumata görə, tamamiylə yerli və milli imkanlarla dizayn edilən sınaq mərkəzində “Hürjet” yüngül təlim-döyüş təyyarəsinin həm yanacaq tankerləri, həm də yanacaq sistemləri sınaqdan keçiriləcək.
Bildirilib ki, burada təyyarədəki yanacaq transferi, doldurma/boşaltma, mühərrikin yanacaqla təmin edilməsi, ventilyasiya sistemləri və sızma kimi vacib elementlər test ediləcək.
“Hürjet”in bu sınaq mərkəzindən qazanılan təcrübə MMU (Milli Muharip Uçak) döyüş təyyarəsinin hazırlanan yanacaq sistemlərinin sınaq mərkəzində istifadə olunacaq. Dünyada az saylı sınaq mərkəzlərindən biri olan bu müəssisə Türkiyəyə həm maddi cəhətdən, həm də əldə ediləcək informasiyanın ölkə daxilində saxlanılması mövqeyindən xeyir verəcək.