Ukrayna Almaniyadan əlavə altı ədəd TRML-4D RLS alacaq
Almaniyanın “Hensoldt” şirkəti Ukraynaya hava hücumundan müdafiə (HHM) ehtiyacları üçün daha 6 ədəd TRML-4D hava müşahidə radiolokasiya stansiyası (RLS) tədarük edəcək.
“Poliqon” “Hensoldt”a istinadən xəbər verir ki, sifarişçi Ukrayna Müdafiə Nazirliyidir və ödəniş Almaniya hökuməti tərəfindən hərbi yardımın bir hissəsi kimi həyata keçiriləcək.
Bildirilib ki, altı ədəd TRML-4D RLS-nin alış qiyməti 100 milyon avrodan çoxdur.
Yeni stansiyalar Ukraynaya bu il gətiriləcək. Onlar Rusiyanın davamlı raket və dron hücumları fonunda Ukraynanın HHM imkanlarını gücləndirmək üçün lazımdır.
Qeyd edək ki, bu, Ukrayna Silahlı Qüvvələri üçün belə RLS-inin ilk sifarişi deyil. Ukrayna ilk çoxfunksiyalı TRML-4D RLS-i 2022-ci ilin oktyabrında alıb. Bu il aprelin sonunda isə Almaniya hökuməti daha bir hərbi yardım paketi çərçivəsində bir ədəd TRML-4D RLS-i Ukraynaya təhvil verdiyini açıqlayıb. Onun 2023-cü ilin iyununda sifariş verilən dörd stansiyadan biri olduğu güman edilir. Onların çatdırılması 2024-cü il ərzində baş tutmalıdır.
“Hensoldt” şirkətindən bildirilib ki, hazırda müxtəlif müştərilərlə bu tip 50-dən çox hava müşahidə RLS-in istehsalı üçün müqavilələri var.
TRML-4D, 2018-ci ildə “Hensoldt” şirkəti tərəfindən hazırlanmış orta mənzilli S diapazonlu TRML radiokokasiya stansiyaları ailəsinin ən son versiyasıdır.
RLS ən son rəqəmsal radiolokasiya texnologiyalarından istifadə edir. O, müxtəlif növ hava hədəflərini aşkar etmək, izləmək və təsnif etmək qabiliyyətinə malikdir.
RLS HHM maraqları naminə və ya HHM sistemlərinin, xüsusən də Ukrayns Silahlı Qüvvələrinin silahlanmasında olan Almaniya istehsalı IRIS-T zenit-raket kompleksinin bir hissəsi kimi hava hədəflərini aşkar edərək müstəqil işləyə bilər.
Stansiya qallium nitridi (GaN) qəbuledici-ötürücü modulları əsasında elektron skan edilmiş aktiv fazalı şəbəkə antenası ilə təchiz edilib.
Sistem müxtəlif hava hədəflərini, o cümlədən qanadlı raketləri, eləcə də aşağı hündürlükdə manevr edən və ya uçan təyyarə və helikopterləri aşkar etməyə qadirdir. RLS 250 km-ə qədər radiusda 1500-ə yaxın hədəfin tez aşkarlanmasını və izlənilməsini təmin edir.
Əhəd Vahidoğlu