Ukrayna əsgərləri yeni M32 “Milkor MGL” qumbaraatanından istifadə etməyə başlayıblar

Ukrayna əsgərləri yeni M32 “Milkor MGL” qumbaraatanından istifadə etməyə başlayıblar

Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin arsenalında 40 mm-lik “Milkor MGL” (“Multiple Grenade Launcher”) əl qumbaraatanları var.

“Poliqon” xəbər verir ki, bunu sosial şəbəkələrdə paylaşılan videoçarx sübut edir.

Videoçarxda bir Ukrayna döyüşçüsünün 5 atəş açması və bir neçə saniyədən sonra qumbaraların partlayış səslərinin eşidilməsi əks olunub.

Qeyd edək ki, 40×46 mm-lik M32 “Milkor MGL” revolver tipli yüngül əl qunbaraatanı 1981-ci ildə Cənubi Afrika Respublikasının “Armscor” şirkəti tərəfindən yaradılıb və “Milkor Marketing” şirkəti tərəfindən istehsal edilir. Bundan başqa, qumbaraatanların lisenziyalı nümunələri Xorvatiyada “RH Alan” şirkəti, Bolqarıstanda “Arsenal AD” şirkəti, Çində “Norinco” korporasiyası və ABŞ-da “Milkor USA, Inc.” şirkəti tərəfindən istehsal olunur. Qumbaraatan hazırda 50-dən çox ölkənin silahlı qüvvələrində silahlanmaya qəbul edilib.

Revolver tipli barabanın tutumu 6 ədəd 40×46 mm çaplı atəş yığımıdır. Kütləsi 5,3 kq-dır. Nişangah məsafəsi 375 metr, maksimal atəş məsafəsi 400 (ERLP atəş yığımı ilə 800) metrdir. Atəş tezliyi dəqiqədə 12-15 atışdır.

Qumbaraatandan 40×46 mm LV tipli aşağı sürətli M406 fuqas (HE) qumbaralı, M433 kumulyativ (HEDP) qumbaralı, M576 iri qırmalı qumbaralı, M670 tüstüləyici qumbaralı, M585 işıqlandırıcı-siqnalverici qumbaralı, M651 öldürməyən gözyaşardıcı qazlı qumbaralı, XM1060 termobarik qumbaralı, HUNTIR (High-altitude Unit Navigated Tactical Imaging Round) infraqırmızı kameranı yuxarı tullamaq üçün qumbaralı atəş yığımlarından istifadə olunur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS