
Ukrayna müdafiə sənayesinin məhsulları IDEX-2025 sərgisində nümayiş olunur
Ukrayna müdafiə sənayesinin istehsalı olan hərbi məhsullar Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2025 sərgisində təqdim edilir.
“Poliqon” Ukrayna Müdafiə Sənayesi Milli Assosiasiyasına (NAUDI) istinadən xəbər verir ki, NAUDI stendində “Ukrainian Armor”, “Kvertus”, “Ukrspecsystems”, “System Electronic Export”, KZVV, “Ukrtac”, “Airlogix”, “KTD Plus”, “Athlon Avia”, “Aviation Systems of Ukraine”, “Luç” Konstruktor Bürosu, LFTIKS, “Demining Solutions” və “VEEM-Metalavtoprom” şirkətlərinin innovativ inkişafları təqdim olunur.
Bildirilib ki, IDEX-2025 qabaqcıl müdafiə texnologiyalarının nümayişi, strateji tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əsas platformadır. Sərgidə iştirak edən NAUDI nümayəndə heyətinin əsas vəzifələri arasında xarici müştərilərlə danışıqların aparılması, yeni satış bazarlarının axtarışı, mövcud tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və Ukrayna müdafiə sənayesinin inkişafına beynəlxalq investisiyaların cəlb edilməsi daxildir.