Ukrayna R-360 “Neptun” raketinin yeni versiyasını hazırlayıb

Ukrayna R-360 “Neptun” raketinin yeni versiyasını hazırlayıb

Ukraynada R-360 “Neptun” gəmi əleyhinə raketinin yeni versiyası hazırlanıb.

“Poliqon” “Defence24” nəşrinə istinadən xəbər verir ki, raketin yeni versiyasının görüntüləri ilk dəfə Ukrayna prezidenti Vladimir Zelenskinin paylaşdığı videoda öz əksini tapıb.

Nəşr bildirib ki, “Neptun” gəmi əleyhinə raketinin yeni variantı 400 kilometrə qədər artırılmış atış məsafəsinə malikdir.

İddialara görə, “Neptun”un bu versiyası Ukrayna Silahlı Qüvvələri tərəfindən iyulun 31-də gecə Rusiyanın Kursk şəhəri yaxınlığındakı Çalino hava limanına həyata keçirilən hücumda istifadə edilib.

“Neptun”, 5000 tona qədər subasma qabiliyyətinə malik gəmiləri və yerüstü hədəfləri məhv etmək üçün təyin edilmiş səsəqədər sürətli aşağı yüksəklik gəmi əleyhinə raketidir. İstehsalında yerli müəssisələrinin iştirak etdiyi Sovetin X-35 raketi əsasında “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən hazırlanıb. “Neptun” raketi daha böyük ölçüsü və daha uzun mənzili, eləcə də yeni idarəetmə sistemi ilə X-35 raketindən fərqlənir.

Raket üzərində işlərə 2014-cü ildə başlansa da, bu barədə açıq elan edilməyib. İlk sınaqlar 22 mart 2016-cı ildə həyata keçirilib. Açıq mənbələrin məlumatına görə, 2016-cı ilin yazından etibarən qanadlı raketin ilk uçuş nümunələri istehsal edilib. Raketin təyinatı zərbə qrupları (konvoyların) tərkibindən və ya 5000 tona qədər subasma qabiliyyətli tək hərəkət edən döyüş suüstü gəmilərin və nəqliyyat gəmilərinin məhv edilməsi olaraq müəyyən olunub.

2016-cı ildə “Neptun” gəmi əleyhinə raket kompleksinin gəmi, yerüstü və hava bazalanmalı üç modifikasiyasının mümkün inkişafı haqqında məlumat verilib. 2019-cu ildə RK-360MTs “Neptun” sahil raket kompleksinin yerüstü variantı hazırlanıb, 23 avqust 2020-ci il tarixində Ukrayna Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib və 15 mart 2021-ci il tarixində onun sınaq nümunələri Ukrayna HDQ-yə təhvil verilib. Kompleksdə döyüş maşını kimi ilk olaraq “KrAZ-7634NE” avtomobilinə əsaslanan USPU-360 universal özüyeriyən buraxma qurğusundan istifadə olunub. Lakin, növbəti sınaqların nəticələrinə görə, əsas şassinin “Tatra” şirkətinin məhsulu ilə dəyişdirilməsinə qərar verilib.

R-360 raketinin start kütləsi 870 kq-a, döyüş başlığının kütləsi isə 150 kq-a bərabərdir. Raket “Motor Siç” müəssisəsinin MS-400 turboreaktiv mühərriki ilə təchiz edilib və yanacaq olaraq aviasiya kerosinindən istifadə olunur. Raketin idarəetmə sistemi trayektoriyanın marş hissəsində GPS tənzimləməli inersial idarəetməyə, son mərhələdə isə aktiv radiolokasiya özütuşlama başlığına əsaslanır. Döyüş hissəsi nüfuz edən qəlpəli-fuqas təsirlidir. Maksimum uçuş məsafəsi 280 km, uçuş hündürlüyü trayektoriyanın marş hissəsində 10-300 metr, son mərhələdə 3-10 m-dir. Uçuş sürəti təqribən 900 km/saata (0,8-0,85 Max) bərabərdir. Raket yerüstü hədəflərə zərbə endirmək qabiliyyətinə malikdir. Kompleksin divizionu eyni anda 24 raketin buraxılmasını təmin edir.

RK-360MTs “Neptun” raket kompleksi divizionunun tərkibi 1 ədəd RKP-360 divizionun komanda məntəqəsindən, 6 ədəd buraxma qurğusundan, 6 ədəd nəqletmə-doldurma maşınından, 6 ədəd nəqletmə maşınından ibarətdir. Divizionda 72 ədəd R-360 raketi olur. Hər buraxma qurğusunda, nəqletmə-doldurma maşınında və nəqletmə maşınında 4 ədəd R-360 raketi yerləşirilib.

CATEGORIES
TAGS