
Ukrayna Silahlı Qüvvələri yerli istehsal olan PUA, EW və rabitə sistemləri ilə təchiz edilir
Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi yerli şirkətlərlə pilotsuz uçuş aparatları (PUA), elektron müharibə (EW) sistemləri və rabitə vasitələrinin alınması üçün bir sıra müqavilələr bağlayıb.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyininə istinadən xəbər verir ki, müqavilələr Ukrayna prezidenti Vladimir Zelenskinin Kirovoqrad vilayətinə işgüzar səfəri zamanı imzalanıb.
Bununla bağlı fikirlərini bölüşən Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov yerli istehsalçılarla əməkdaşlığın vacibliyini vurğulayıb.
“Biz bilərəkdən Ukraynada istehsal olunan məhsullara diqqət yetiririk. Bu, müdafiə qabiliyyətimizi artırmaqla yanaşı, həm də milli iqtisadiyyatın inkişafına, iş yerlərinin açılmasına öz töhfəsini verir. İstehsalçılarımızdan pilotsuz uçuş aparatlarının, EW və rabitə avadanlıqlarının alınması bizə ən müasir texnikanı tez bir zamanda əldə etmək, onun keyfiyyətinə və Silahlı Qüvvələrin tələblərinə uyğunluğuna əmin olmaq imkanı verir”, – deyə Dmitri Klimenkov bildirib.
Qeyd olunub ki, Ukrayna Müdafiə Nazirliyi yerli şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində işləri davam etdirir və yaxın gələcəkdə ölkənin hərbi potensialının daha da modernləşdirilməsinə töhfə verəcək yeni müqavilələr bağlamağı planlaşdırır.