Çin yeni nəsil amfibiya hücum gəmisini suya buraxıb
Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Type 076” sinifli “Sichuan” (“Sıçuan”) yeni nəsil amfibiya hücum gəmisi suya buraxılıb.
“Poliqon”un “Xinhua” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, suya buraxıldıqdan sonra “Sichuan” gəmisi avadanlıqların yoxlanılması, yanalma və dəniz testləri də daxil olmaqla bir sıra planlaşdırılmış sınaqdan keçəcək.
Çinli rəsmilərin sözlərinə görə, “Sichuan” yeni nəsil amfibiya hücum gəmisi Hərbi Dəniz Qüvvələrinin transformasiyasının inkişafında və uzaq dənizlərdə döyüş qabiliyyətinin artırılmasında əsas rol oynayacaq.
40 min ton su basımına malik “Sichuan” gəmisi döyüş təyyarələrini, helikopterləri, pilotsuz uçuş aparatlarını (PUA) və amfibiya tipli texnikaları daşıya bilir. O, aviasiya vasitələrinin göyərtəyə asan eniş-qalxış edə bilməsi üçün elektromaqnit katapult və tutma texnologiyasına sahib sistemlərlə təchiz olunub.