Ukrayna sərhədçiləri katerlərini yeniləyir

Ukrayna Dövlət Sərhəd Xidmətinin Sevastopolda yerləşən dəniz mühafizə dəstəsi yerli istehsal olan UMS-1000 tipli iki yeni kater alıb. Bu barədə “AzeriDefence” “Ukrspetseksport” şirkətinin saytına istinadən məlumat verib.

Sərhəd dəniz mühafizə dəstəsi bundan əvvəl, 2011-ci ildə eyni layihə üzrə inşa olunmuş 2 kater alıb. Katerlərin yeni partiyası əvvəlki ilə müqayisədə daha müasir avadanlıqlarla təchiz olunub. Kater saatda 40 milə qədər sürət yığa bilir. Hazırda sifariş üzrə eyni layihə üzrə daha iki kater tikilməkdədir.

Qeyd edək ki, Ukrayna Sərhəd Xidməti gələn həftə “Dəniz qartalı” adlı əsas kateri suya endirməyi planlaşdırır. “Dəniz qartalı” sərhəd mühafizəsinin “Qrif” tipli köhnə katerlərini əvəz edəcək.

Ukrayna dövlət proqramına uyğun olaraq, 2020-ci ilin sonuna kimi dəniz sərhəd mühafizəsinin gəmi-kater tərkibini 75% yeniləməyi planlaşdırır.

CATEGORIES