Ukrayna Şri-Lankanın An-32B nəqliyyat təyyarələrini təkmilləşdirəcək
Ukraynanın “Ukroboronprom” Dövlət Konserninə daxil olan “Zavod 410 ÇA” müəssisəsi tərəfindən Şri-Lanka Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd An-32B “Antonov” nəqliyyat təyyarəsi əsaslı təmir və modernizasiya ediləcək.
Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.
“Zavod 410 ÇA” müəssisəsinin direktoru Aleksandr Paşçenko bildirib ki, 3 ədəd An-32B nəqliyyat təyyarəsi avqustun 11-də Ukraynaya gətirilib.
““Ukrinmaş” şirkəti ilə Şri-Lankanın Müdafiə Nazirliyi arasında “Antonov” nəqliyyat təyyarələrinin təmiri və təkmilləşdirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqavilə əsasında 3 ədəd An-32B təyyarəsinin əsaslı təmiri və təkmilləşdirilməsi həyata keçiriləcək”, – deyə zavod direktoru vurğulayıb.
Aleksandr Paşçenko onu da əlavə edib ki, bütün təmir və təkmilləşdirmə işləri “Zavod 410 ÇA”da bir il davam edəcək.