
Ukrayna və Almaniya müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirir
Ukraynanın müdafiə naziri Denis Şmiqal və Almaniyanın müdafiə naziri Boris Pistorius müdafiə sənayesi sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, imzalanan saziş müdafiə sənayesi, texnologiyalar və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əsas yaradır.
Bu razılaşma çərçivəsində Ukraynada “Lynx” tipli piyada döyüş maşınlarının (PDM) və sursatın istehsalı, “Gepard” zenit-top kompleksləri və “Leopard” tanklarının təmiri üzrə birgə sənaye layihələrinin inkişafı nəzərdə tutulur.
Razılaşmaya əsasən, aşağıdakı istiqamətlərdə əməkdaşlıq həyata keçiriləcək:
- müdafiə sənayesi sahəsində innovasiyalara dəstək;
- birgə tədqiqat-inkişaf fəaliyyəti, modernləşdirmə və istehsala texniki dəstək;
- satınalmalar və texniki informasiya, təcrübə və qabaqcıl təcrübələrin mübadiləsi;
- təlim proqramları və treninqlərdə birgə iştirak.