QuruXəbərlər

Ukraynada yerli istehsal olan INGUAR-4 zirehli təxliyə maşını istismara qəbul edilib

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan INGUAR-4 zirehli təxliyə maşınını Silahlı Qüvvələrin istismarına qəbul edib.

Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, döyüş meydanından yerli və xarici istehsal olan əksər xüsusi təyinatlı zirehli maşınların operativ təxliyəsi üçün nəzərdə tutulan INGUAR-4, geniş spektrli hərbi tapşırıqlar üçün zirehli avtomobillərin istehsalında ixtisaslaşmış Ukrayna müəssisəsində hazırlanıb.

Maşında bir neçə ildir hərbi əməliyyatlarda yüksək səmərəlilik nümayiş etdirən INGUAR-3 xüsusi zirehli avtomobili ilə eyni əsas aqreqatlar və hissələrdən istifadə olunub. Bununla yanaşı, INGUAR-4 gücləndirilmiş şassi çərçivəsi, əlavə aparıcı ox, güclü bucurqad, qaldırma və təxliyə üçün hidravlik sistemlə təchiz edilib.

Sınaqlar zamanı INGUAR-4 bəyan edilmiş taktiki-texniki göstəricilərini təsdiqləyib və mürəkkəb döyüş şəraitində zirehli texnikanın təxliyəsi üzrə yüksək imkanlarını nümayiş etdirib.

INGUAR-4 Ukrayna Silahlı Qüvvələrində geniş istifadə olunan tırtıllı təmir-təxliyə maşınları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. O, ümumi istifadədə olan yollarda daha yüksək hərəkət və təxliyə sürətinə, daha böyük yürüş ehtiyatına, daha az istismar xərclərinə, aşağı siluetə, döyüş meydanında yüksək sağqalma qabiliyyətinə, sadə və ucuz texniki xidmət imkanına sahibdir. Daşınma üçün trala ehtiyac duymayan INGUAR-4-ün ekipajı uzunmüddətli istismar zamanı da daha az yorulur.

INGUAR-4 aşağıdakı zirehli maşınları döyüş meydanından təxliyə edə bilir:

  • INGUAR-3;
  • “Roshel Senator”;
  • “Kirpi”;
  • “Kozak”;
  • “Novator”;
  • “Gyurza”;
  • “International MaxxPro”;
  • eləcə də çəkisi 30 tona qədər olan digər texnikalar.

INGUAR-4 ağır hərbi tapşırıqların icrası üçün xüsusi hazırlanmış 6×6 təkər formuluna malikdir.

Unikal konstruksiyası, güclü mühərriki və tətbiq edilmiş innovativ mühəndislik həlləri sayəsində INGUAR-4, 8×8 təkər formuluna malik digər təkərli zirehli təmir-təxliyə maşınlarından – Ukraynanın BREM-3BR, BREM-4M və Kanadanın “LAV Super Bison” maşınlarından daha yüksək maksimal sürət və hərəkət qabiliyyəti nümayiş etdirir.

INGUAR-4 çoxqatlı “Armox” poladı və alüminium elementlərdən hazırlanmış zirehlə qorunur. Mühafizə səviyyəsi STANAG 4569 Level 3 standartına uyğundur.

Maşın partlayışa davamlı oturacaqlar, avtomatik yanğınsöndürmə sistemi və salonda yanmayan materiallarla təchiz olunub. INGUAR-4-ün şassi və asqı sisteminin komponentlərinin təxminən 60 faizi Ukraynada istehsal edilir.

Qeyd olunub ki, artıq ilk INGUAR-4 maşınları Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüş tapşırıqlarını yerinə yetirir.

Back to top button