QuruXəbərlər

Ukraynanın akustik PUA aşkarlama sistemi nəqliyyat vasitəsi üzərində sınaqdan keçirilib

Ukraynanın “Zvook” şirkəti NATO-nun BATT26 təlimləri çərçivəsində akustik pilotsuz uçuş aparartı (PUA) aşkarlama sisteminin mobil versiyasını ilk dəfə sınaqdan keçirib.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, sınaqlar Latviya Milli Silahlı Qüvvələri ilə birgə icra edilib.

Bildirilib ki, adətən telekommunikasiya qüllələri və digər sabit infrastruktura quraşdırılan “Zvook” sensorları bu dəfə hərəkətdə olan nəqliyyat vasitəsinə yerləşdirilib. Maşın üzərində aparılan sınaq zamanı müəyyən çətinliklərə baxmayaraq, sistem konsepsiyanın işlək olduğunu nümayiş etdirib. Şirkət hesab edir ki, mobil variant gələcəkdə konvoyların, mobil komanda məntəqələrinin və mövqeyini tez-tez dəyişən hərbi bölmələrin PUA-lardan qorunmasında istifadə oluna bilər.

Sistem radar siqnalları yaymadan, PUA-ların mühərrik və pərlərindən yaranan xarakterik səs imzalarını analiz etməklə hava hədəflərini aşkarlayır. Bu xüsusiyyət sistemin düşmən tərəfindən elektron və radiolokasiya vasitələri ilə aşkarlanması riskini azaltmağa imkan verir.

Ukraynada “Zvook”un əsas akustik aşkarlama şəbəkəsi təxminən 10-12 metr yüksəklikdə yerləşdirilən sabit sensorlardan ibarətdir. Bu sensorlar “Shahed” tipli PUA-lar, qanadlı raketlər və alçaqdan uçan digər hava hədəflərini aşkarlamaq üçün istifadə olunur. Sistem tərəfindən aşkarlanan məlumatlar Ukraynanın “Delta” situasiya məlumatlandırma sisteminə təxminən 12 saniyə ərzində ötürülə bilir.

Back to top button