Ukraynanın “Kozak-5” zirehli avtomobilləri İspaniya istehsalı döyüş modulları ilə təchiz edilib
Ukraynanın “Praktika” Elmi-İstehsalat Birliyinin istehsalı olan “Kozak-5” zirehli avtomobilləri İspaniyanın “Escribano Mechanical & Engineering” şirkətinin döyüş modulu ilə təchiz edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün “Facebook” səhifəsində paylaşım edib.
Bildirilin ki, zirehli maşına iri çaplı pulemyotlu döyüş modulu yerləşdirilib.
Modulda avtofokuslama imkanı olan gündüz və termal kamera, əlavə olaraq isə lazer məsafəölçən də quraşdırılıb. Döyüş modulu bir neçə rejimdə düzəlişləri və atəşi nəzərə alaraq hədəfi avtomatik izləyə bilir. Maşının özündə İspaniyanın “Escribano Mechanical & Engineering” şirkətinin döyüş modulunun idarəetmə paneli quraşdırılıb.
Ehtimal ki, “Kozak-5” zirehli avtomobilində “Guardian 2.0” döyüş modulu quraşdırılıb. Bu döyüş modulu əlverişsiz hava şəraitində gündüz və ya gecə idarə oluna bilən iki oxlu giroskopla sabitləşdirilmiş uzaqdan idarə olunan silah stansiyasıdır (Remote Weapon Station – RWS). Sistem müxtəlif növ platformalarda və nəqliyyat vasitələrində yerləşdirilə bilər.
Sistemə 5,56 mm, 7,62 mm, 12,70 mm və 40 mm MKII qumbaraatanları kimi müxtəlif çaplı silahları, həmçinin tüstü qumbaraatanlarını quraşdırmaq mümkündür.
“Guardian 2.0” döyüş moduluna termal kamera, gündüz müşahidə kamerası və lazer məsafəölçəni özündə birləşdirən müstəqil “Pan & Tilt” altsistemi olan elektro-optik sistem daxildir. Sistemə lazer hədəfgöstərici də daxil edilə bilər.
Onun yüngül və modul quruluşu asimmetrik təhlükələrə qarşı yüksək işləmə qabiliyyətini təmin edir. Bu, çox sərfəli müdafiə həllidir.
“Kozak-5” zirehli avtomobili ABŞ-nin Ford F-550 yolsuzluq avtomobilinin şassisi üzərində Ford TorqShift avtomatik transmissiyası, gücləndirilmiş ön ox, asqı və əyləc sistemi, həmçinin diametri 335/80 R20 ölçüsünə qədər artırılmış təkərlər quraşdırılaraq yaradılıb. “Kazak-5” zirehli avtomobili 330 at gücünə malik 6,7 litrlik dizel mühərriki ilə təchiz edilib, onun ümumi çəkisi 10 tondur.
Standart versiyada “Kozak-5” avtomobilinin zirehləri STANAG 4569 Level 1+ səviyyəsində qorunma təmin edir, lakin xüsusi sifariş əsasında STANAG 4569 Level 2 qoruma səviyyəsinə malik zirehli avtomobil istehsal etmək mümkündür. Bu avtomobil 8 (2+6) nəfəri daşıya bilir.
Qeyd edim ki, Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında olan M113 zirehli transportyorları da İspaniya istehsalı komponentlərlə dəstləşdirilmiş oxşar döyüş modulu ilə təchiz olunub.
Döyüş modulları olan modernləşdirilmiş M113A3 zirehli transportyorları ilə 33-cü əlahiddə mexanikləşdirilmiş briqada (33-cü ƏMBr) silahlandırılıb.
M113 zirehli transportyorunda “Guardian L-HIT” (Lightweight High Impact Turret) döyüş modulunun quraşdırıldığı ehtimal olunur. O, gündüz və gecə şəraitində işləməyə qadir olan 2 oxda girosabitləşdirilmiş uzaqdan idarə olunan silah stansiyasıdır (Remote Weapon Station – RWS).
Onun üzərində 30 mm M230LF avtomatik topu quraşdırılır və xüsusilə bir neçə platformada və həm yüngül, həm də zirehli avtomobillərdə quraşdırılmaq üçün nəzərdə tutulmuşdur ki, bu da istifadəçiyə böyük atəş qabiliyyətini təmin edir.
“Guardian L-HIT” döyüş modulu yeni nəsil ballistik kalkulyatoru sayəsində uzun məsafələr üçün əla dəqiqliyə malikdir.
İstisna edilmir ki, hər iki sözügedən döyüş modulları düşmənin pilotsuz uçuş aparatları (PUA) ilə də effektiv mübarizə aparmağa qadirdir.
Bu arada qeyd edək ki, 33-cü ƏMBr ilə yanaşı, İvan Boqun adına 1-ci xüsusi təyinatlı briqada da PUA-ları məhv etmək üçün Türkiyənin “Aselsan” şirkətinin istehsalı olan “Sarp Dual” döyüş modulları ilə təchiz olunmuş M113 zirehli transportyoru ilə silahlandırılıb.
“Sarp Dual” döyüş modulunda 7,62 mm-lik pulemyot, 12,7 mm-lik iri çaplı pulemyot və ya 40 mm-lik Mk19 qumbaraatanı kimi silahların quraşdırılması üçün iki bərkidici var.
Qeyd olunanlarla yanaşı, 2023-cü ildə Ukrayna həmçinin Avstraliyanın “Electro Optic Systems” şirkətinə uzaqdan idarə olunan döyüş modullarının əlavə partiyasını sifariş edib.
Xatırladaq ki, İspaniyanın “Escribano Mechanical & Engineering” şirkəti PUA-lara qarşı döyüş modullarının işini 2023-cü ildə uğurla nümayiş etdirib. Bir il sonra “Escribano Mechanical & Engineering” şirkəti “Indra Sistemas” və TRC şirkətləri ilə PUA-larla mübarizə üçün yeni sistem hazırlamaq barədə müqavilə imzalayıb.
Yeni məhsulda süni intellektə əsaslanan komanda və idarəetmə sistemləri, həmçinin yumşaq və sərt məhvetməni icra mexanizmləri olacaq.
Müqavilə TRC şirkətinin tərəfdaş olacağı “Escribano Mechanical & Engineering” və “Indra Sistemas” şirkətləri arasında birgə müəssisənin yaradılmasını rəsmiləşdirib. Şirkətlər İspaniya Ordusu üçün PUA-lara qarşı imkanlarını inkişaf etdirməklə bağlı ortaq tarixə malikdirlər. İspaniya Hərbi Hava Qüvvələri (HHQ) üçün yaradılmış “Indra’s Crow” sistemi yüksək dəqiqlikli radiolokasiya və optoelektron sistemləri sayəsində təhdidləri saniyələr ərzində aradan qaldırmağa qadirdir.
Eləcə də “Escribano Mechanical & Engineering” və TRC şirkətləri İspaniya Ordusunun “Cervus” pilotsuz aviasiya sisteminin inkişafı üzərində əməkdaşlıq ediblər.
Beynəlxalq miqyasda “Escribano Mechanical & Engineering” və “Indra Sistemas” şirkətləri, həmçinin PUA-lara qarşı modul və çevik “qoşul və işlə” (“plug-and-play”) arxitekturasına malik sistem yaratmaq üçün Avropa İttifaqının “Avropa birgə pilotsuz aviasiya sistemlərinə qarşı mübarizə” (Joint European System for Countering Unmanned Air Systems – JEY-CUAS) təşəbbüsü üzərində birlikdə çalışıblar.
Əhəd Vahidoğlu