“Ukrorobonprom” 90K6E radarının sınaqlarını keçirib
“Ukroboronprom” Dövlət Konserninə daxil olan “İskra” Elmi-İstehsalat Müəssisəsi tərəfindən hazırlanmış 90K6E üçölçülü radar iki gün davam edən sınaqlar zamanı müxtəlif yüksəkliklərdə və maksimum məsafədə pilotsuz uçuş aparatlarını aşkarlayaraq göstərilən taktiki və texniki xüsusiyyətlərini tamamilə təsdiqləyib.
Bu barədə “Azeri Defence”yə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.
“Zavod sınaqlarından sonra kiçik hədəfləri müəyyən etmək qabiliyyətini yoxlamaq üçün 90K6E radarının son mərhələsini uğurla başa vurduq. Bu sınaqların müsbət nəticələri 90K6E radarının ixracı üçün perspektivlər açır. Artıq bir ölkədən potensial müştəri var”, – deyə “İskra”nın direktoru Yuri Pasçenko bildirib.
Radarın sınaqlarında “Skyeton” şirkətinin istehsalı olan “Raybird-3” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. “Raybrid-3” PUA-nın uçuş hündürlüyü 3000 metr, sürəti 160 km/saatdır.
90K6E radarı 2019-cu ilin oktyabr ayında Kiyevdə “Silah və Təhlükəsizlik” sərgisində təqdim edilib. Radar aşağı, orta və yüksək hündürlükdə uçan hədəfləri aşkar etmək üçün hazırlanıb.