ULAQ insansız kater ailəsinin yeni üzvü təqdim olunub
Türkiyənin “ARES Tersanesi” ve “Meteksan Savunma” şirkətləri tərəfindən birgə inkişaf etdirilən ULAQ insansız kater ailəsinin yeni üzvü təqdim olunub.
“Poliqon” “Meteksan Savunma”ya istinadən xəbər verir ki, ULAQ insansız kater ailəsinin yeni üzvü olan ULAQ KAMA “aşağı qiymət və yüksək effektivlik” prinsipi nəzərə alınaraq hazırlanıb.
ULAQ KAMA-nın təqdimatı ilə bağlı “ARES Tersanesi”nin baş direktoru Utku Alanç və “Meteksan Savunma”nın baş direktoru Selçuk Kerem Alparslan mətbuata birgə açıqlama veriblər.
Bildirilib ki, ULAQ KAMA ilə daha da böyüyən ULAQ insansız kater ailəsi mavi vətəninin müdafiəsində, Türkiyənin dənizdəki hüquq və mənafelərinin qorunmasında əhəmiyyətli mövqeyə malikdir.
Yeni insansız kater həm hücum, həm də kəşfiyyat-müşahidə tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. O, hücum missiyalarının icrası üçün partlayıcı, kəşfiyyat-müşahidə tapşırıqlarının həyata keçirilməsi üçün isə müxtəlif sensorlar ilə təchiz olunub. ULAQ KAMA, fasiləsiz rabitə şəbəkəsi sayəsində uzun mənzilə, kiçik ölçüləri sayəsində aşağı siluetə və unikal dəniz qabiliyyətinə sahibdir. Ailənin yeni üzvü öz xüsusiyyətləri ilə operativ qərar qəbul edənlərə yeni və asimmetrik seçimlər təklif edəcək.
Qeyd olunub ki, asimmetrik döyüşün tələbləri nəzərə alınaraq ULAQ KAMA-nın ən qısa zamanda istehsal edilə bilməsi üçün lazımi infrastruktur artıq qurulubdur. Belə ki, tələbdən asılı olaraq “ARES Tersanesi” və “Meteksan Savunma” şirkətləri bir ildən də az müddət ərzində 100-dən çox ULAQ KAMA-nı istehsal edərək sifarişçilərə çatdıra bilərlər.