Umud Mirzəyev: “Poliqon” jurnalının inkişafı Azərbaycan mediasının nailiyyətidir
Bu gün regional mediaya çevrilməkdə olan “Poliqon” hərbi-texnoloji jurnalının inkişafı Azərbaycan mediasının nailiyyətidir.
“Poliqon” xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev POLİQON jurnalının 10 illik yubiley tədbirində deyib.
Umud Mirzəyev “Poliqon” jurnalının yaradıcısı mərhum Rəşad Süleymanovu əsl vətənpərvər, Qarabağ acısına içdən yanan söz adamı kimi xarakterizə edib və vurğulayıb ki, əslində jurnalını yaratmaq istəyi də jurnalistin məhz Vətənə fayda vermək məramından irəli gəlib. Umud Mirzəyev hərbi sahənin spesifikliyindən söz açaraq onu da bildirib ki, Rəşad Süleymanovun bu istiqamətdə uğur qazana bilməsi onun gərgin əməyinin, əzminin, vətən sevgisinin nəticəsi idi.
“Mən bu jurnalın yaranması ilə bağlı Rəşad Süleymanovun ilk müzakirə etdiyi, məsləhətləşdiyi adamlardan biriyəm. O günləri çox yaxşı xatırlayıram. Azərbaycanda çox adam Rəşad Süleymanovun bu addımına bir az başqa cür yanaşırdı. Bu nə etmək istəyir? Belə bir jurnal ola bilərmi? Yəni, bu mümkündürmü? İndi gəlin razılaşın ki həm böyük maneə var idi, həm də hərbi sirr ilə bağlı məsələlər də bura daxil idi. Rəşad Süleymanov o zaman bunun öhdəsindən layiqincə gəlməyi bacardı. Həm müxtəlif region ölkələrinin hərbi sənaye şirkətləri ilə həm də Azərbaycanın Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumlarla əməkdaşlıq qurmağı bacardı və belə bir jurnalın ortaya çıxmasına nail oldu.
“Poliqon” jurnalının baş redaktoru Zaur Babaşovun da çıxışından görünür ki, bu jurnal nə qədər böyük, aktual və regional dərgiyə çevrilib. Bu inkişafın özü çox gözəldir. Mən hesab edirəm ki, Azərbaycan mediasının nailiyyətlərindən danışarkən bu jurnal ən bariz nümunədir. Bu gün qazandığımız nailiyyətlərdən biri budur”, – deyə Umud Mirzəyev vurğulayıb.