UZAZ-2023 təliminin açılış mərasimi keçirilib
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edənlər Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğundan danışıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlar zamanı, həmçinin ilk dəfə təşkil edilən kompüter dəstəkli birgə təlimin iki ordu arasında mövcud ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Qeyd edilib ki, UZAZ-2023 təlimi hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsi aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir.
Mərasimin sonunda təlim iştirakçılarının təntənəli keçidi olub.