Vətən müharibəsində döyüşlərin getdiyi ərazilərdən reportaj

Vətən müharibəsində döyüşlərin getdiyi ərazilərdən reportaj

Azərbaycan xalqı Vətən müharibəsinin 4-cü ildönümünü qeyd edir. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti irimiqyaslı hərbi təxribatının qarşısının alınması və işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi məqsədi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, işğalçılar torpaqlarımızdan qovuldu. Beləliklə, şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.

dsx1 2Vətən müharibəsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün azad edilmiş ərazilərimizə media-turlar təşkil olunur. Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə çəkilişlər aparır, orada xidmət edən Vətən müharibəsi iştirakçılarından müsahibələr götürürlər. Media-tur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri həmçinin şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi hissələrdə yaradılan məişət şəraiti ilə də yaxından tanış olurlar.

Bu yazımızda, Dövlət Sərhəd Xidməti tərəfindən təşkil olunan media-tur zamanı hərbi qulluqçularımız, 44 günlük müharibə ərzində icra olunan döyüş əməliyyatlarından xatirələrini “Poliqon”un əməkdaşı ilə bölüşüblər.

Zəngilan və Qubadlı zəfərinə gedən yolun açarı – düşmənin üçüncü səddinin yarılması

dsx1 32020-ci il sentyabr ayının 27-də başlayan, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində Silahlı Qüvvələrin digər silahlı birləşmələri ilə birlikdə Dövlət Sərhəd Xidmətinin (DSX) heyəti də əks-hücum əməliyyatlarında iştirak ediblər. Müharibənin ilk günündən sərhədçilər Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad edib, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, Xudafərin körpüsündə, Zəngilanın Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağını sancıb, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər. Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələri ilə birlikdə Dövlət Sərhəd Xidmətinin heyəti Füzuli, Cəbrayıl, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.

dsx3 2Vətən müharibəsində vacib əhəmiyyətə malik döyüş əməliyyatlarından biri Araz çayından Cəbrayıl rayonunun mərkəzinə qədər uzanan düşmənin müdafiə xəttinin üçüncü səddinin yarılması olub. Cənub-qərb istiqamətindəki bu əməliyyatların yerinə yetirilməsi Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı bölmələrinə tapşırılıb. Bu əməliyatı uğurlu başa çatdıran və Azərbaycanın hərb tarixinə qızıl həriflərlə yazan hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək üçün DSX tərəfindən Cəbrayıl rayonuna media-tur təşkil olunmuşdur. “Poliqon” nəşri olaraq səfər zamanı ilk öncə Soltanlı və Əmirvarlı istiqamətində döyüşlərin getdiyi ərazilərdə olduq və bu döyüşlərdə iştirak etmiş, fərqlənmiş hərbi qulluqçulardan əldə etdiyimiz məlumat əsasında Zəngilan və Qubadlı zəfərinə gedən yolun açarı hesab olunan düşmənin üçüncü səddinin yarılmasının detallarını təqdim edirik.

Əmirvarlı və Soltanlı istiqamətində qızğın döyüşlər gedib

Düşmənin müdafiə xəttinin üçüncü səddinin yarılmasının, Əmirvarlı və Soltanlı kəndləri istiqamətindəki əməliyyatların əhəmiyyətini vurğulayan DSX-nin hərbçisi, polkovnik (hazırda general-mayor) Nəsib Mirzəyev bildirdi ki, düşmənin birinci və ikinci dayaq nöqtələri, habelə eşelonları əllərindən çıxdığına görə, bu müdafiə xətti düşmənin bu istiqamətdə son dayaq nöqtəsi idi. Onun sözlərinə görə, Araz çayından Cəbrayıl şəhərinə qədər olan bütün bu dayaq nöqtələrini düşmən demək olar xüsusi təyinatlı bölmələri ilə müdafiə edib: “Çünki onlar bilirdilər ki, bu ərazidə üçüncü dayaq nöqtələri əllərindən çıxdıqdan sonra bizim xüsusi təyinatlı bölmələrimiz üçün dövlət sərhədinin bərpa edilməsi yolunda heç bir maneə qalmır. Düşmənin üçüncü səddi seçməkdə məqsədi buradakı yüksəklikdən 8-10 kilometrə qədər məsafənin düzəngahlıq olması idi. Düşmən elə düşünürdü ki, buradan səddi keçmək üçün biz hər hansısa texnikadan istifadə edəcəyik və onların xüsusi təyinatlıları bizi aşkarlayaraq məhv edəcək. Amma təminat və təchizatımız bizə imkan verdi ki, gecəgörmə və termal cihazlardan istifadə edərək gecənin müxtlif vaxtlarında sızma əməliyyatları ilə bu istiqamətə doğrü irəliləyək. Bilirsiniz ki, xüsusi təyinatlılar heç vaxt rahat yoldan hərəkət etmir. Planlaşdırıb qərara gəldik ki, Sarıcalı kənd istiqamətindən düşmən arxasına sızaraq onları məhv edək. Çünki bu istiqamətdə bizim üçün daldalanacaq nöqtələr var idi. Məhv etdiyimiz düşmən meyitlərindən demək olar əksəriyyətinin onların xüsusi təyinatlıları olduğu görünürdü. Düşmən buranı müdafiə edə bilməyəcəklərini anlayaraq geri çəkilməyə doğru hərəkət etdilər”.

N.Mirzəyev Əmirvarlı və Soltanlı istiqamətində üçüncü səddin alınmasının heç də asan olmadığını və bunun saatlar yox, günlər çəkdiyini vurğuladı: “Bu istiqamətdə qızğın döyüşlər getdi. Bildirmək istəyirəm ki, ərazi və relyef baxımından burada qarşımıza geniş formada düşmənin mühəndis maneələri çıxırdı. Minalı sahələr həddən artıq çox idi. Qarşımıza əsasən düşmənin hər hansı zavod istehsalı olmayan, əldə düzəldilmiş idarəolunan minaları çıxırdı. Bunlar isə peşəkar istehkamçılarımız tərəfindən aşkar edilirdi”.

DSX hərbçisi bu ərazilərin gecə vaxtı Sarıcalı istiqamətindən düşmən arxasına sızaraq səngər və silsilə boyu Cəbrayıl şəhərindən Araz çayına qədər döyüşərək azad olunduğunu dedi. N.Mirzəyev vurğuladı ki, DSX-nin xüsusi təyinatlıları ən müasir silah və avadanlıqlarla, o cümlədən gecəgörmə və termal cihazları, zirehli gödəkcə və dəbilqələrlə tam təmin edilib. Bundan başqa onlara ən yüksək səviyyədə təlimlər keçirilib. Bütün bunlar DSX-nin xüsusi təyinatlılarına tapşırıqları peşəkarcasına, döyüşərək yerinə yetirmək, düşməni məhv etmək imkanı verib.

Düşmən bu nöqtədə tam rahat müdafiə oluna biləcəklərini düşünürdü

dsx3 1Əmirvarlı və Soltanlı yolununun üzərindəki adsız yüksəkliyin Cəbrayıl istiqamətində düşmənin ən böyük müdafiə xətti olduğunu vurğulayan polkovnik Samir Məmmədov bildirdi ki, döyüş zamanı həmin müdafiə xəttinin xəritəsini ələ keçiriblər. Xəritədə isə düşmənin hansı qaydada və necə müdafiə olunmasə planlı şəkildə göstərilib.

“Bu müdafiə xəttinin yarılması çox çətinliklə alındı. Ona görə ki, ərazinin relyefi genişdir və çox hündürlükdə yerləşən müdafiə xəttidir. Bu müdafiə xətti Araz boyundan Cəbrayılın mərkəzinə qədər olan ərazini əhatə edir və bütün ərazi demək olar qarşı tərəf üçün tam görünəndir. Düşmən bu yerdən ərazidəki texnikanın və piyadaların bütün hərəkətini görə bilir. Onlar burada bütün qüvvələrini cəmləşdirərək müdafiə olunurdu. Çünki bu nöqtədə tam rahat müdafiə oluna biləcəklərini düşünürdülər. Amma biz onların bütün planlarını pozaraq bu müdafiə xəttinə xüsusi taktiki gedişlərlə daxil olduq. Bizim qüvvələr səngərin demək olar ki, orta xəttindən daxil oldu və düşmən təşvişə düşdü. Araz istiqamətindəki bütün qüvvələrini Cəbrayılın mərkəzinə doğru olan səngərlərə cəmləşdirdilər. Burada düşmən artıq gücünün yarısını itirdi. Amma buna baxmayaraq düşmən yenə döyüşməyə davam edirdi”, – deyə polkovnik S.Məmmədov vurğuladı.

Hətta düşmən qırıcıları da üstümüzə göndərildi

S.Məmmədov bildirdi ki, düşmənlə yaxın məsafədən döyüşdükləri üçün artilleriyanın köməyindən istifadə edə bilməyiblər. Ancaq şəxsi heyətin xüsusi bacarığı nəticəsinidə bu müdafiə xətti darmadağın edilib.

dsx8 1“Bu müdafiə xəttinin dağıdılması işğaldan tam azad edə biləməyimiz üçün bizə qarşıda böyük bir ərazi buraxdı və Xudafərin, Zəngilan, Qubadlı istiqamətində yolu tam açdı. Müdafiə xəttini yarandan sonra, qüvvələri aşağıdakı Soltanlı kəndi istiqamətində cəmləşdirdik ki, oradan artıq Xudafərin, Zəngilan, Qubadlı istiqamətinə hərəkət edək. Burada, hətta düşmənin döyüş təyyarələri də üstümüzə göndərildi. Bizim hava hücumundan müdafiə sistemlərinə yaxalanmasınlar, vurulmasınlar deyə düşmənin iki ədəd Su-25 təyyarəsi çox aşağı məsafədən üzərimizdən uçurdu. Bəlkə şansımızdan və ya düşmən pilotlarının peşəkar olmamasından irəli gəlirdi ki, onlar başımızın üzərindən keçdilər, amma atdıqları bomba 200-300 metr sapma ilə uzaqlıqdakı ərazini darmadağın etdi. İkinci dəfə manevr edəndə isə düşmənin hərbi təyyarələridən biri bizim “İqla S”lərin atışı nəticəsində Soltanlı kəndi istiqamətində vuruldu. Bundan sonra, düşmənin təyyarəsi bizə yaxınlaşmadı”, – deyə polkovnik S.Məmmədov vurğuladı.

S.Məmmədovun sözlərinə görə, düşmənin üçüncü müdafiə xəttinin yarılmasının ardından qısa müddət sonra, növbəti günlər ardıcıllıqla Xudafərin qəsəsbəsi, Zəngilan və Qubadlı şəhərləri Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildi və Ali Baş Komandana məruzə olundu.

Xudafərinin işğaldan azad olunması

dsx3 3Vətən müharibəsində ən uğurlu döyüşlərdən biri Arazboyu əməliyyatları olub. Bu uğurlu əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 18-də Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin qəsəbəsi düşməndən azad edilib. Bu qəsəbənin azad edilməsi ilə strateji yüksəkliklər əldə edilib və tarixi Xudafərin körpüsü 27 il sonra öz sahibinə qaytarılıb. Azad olunan Xudafərin körpüsünə Azərbaycanın şanlı üçrəngli bayrağı sancılıb. Azərbaycan xalqına bu sevinci Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana Dövlət Sərhəd Xidmətinin zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik (hazırda general-mayor) Babək Ələkbərov məruzə edib.

Xudafərinin azad edilməsi 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla icra edən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən göstərilən şücaətlərdən biri idi.

Xudafərin körpüsünün işğaldan azad olunmasının ikinci ildönümünü ərəfəsində, media nümayəndələri üçün DSX tərəfindən təşkil edilən səfərdə, Xudafərin ərazisində xidmət edən, döyüşlərdə iştirak etmiş hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu. Zəfər tarixini onu yazanlardan eşitmək, azad Cəbrayılın, Xudafərinin keşiyində dağ kimi dayanan sərhədçi qəhrəmanları əyani tanımaq Qarabağ döyüşləri ilə bağlı hadisələri gözümüzdə bir daha canlandırdı.

Dəlidağ silsiləsi əhəmiyyət kəsb edirdi

Xudafərinin işğaldan azad olunmasından söz açan Vətən Müharibəsi Qəhrəmanı, polkovnik (hazırda general-mayor) Babək Ələkbərov bildirdi ki, döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin sağ qalan heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub.

“Bu ərazilərin işğaldan azad olunması Əmirvarlı və Soltanlı istiqamətində səddlərin işğaldan azad olunmasından sonra başlanıldı. Soltanlı istiqamətində səddin götürülməsindən sonra, DSX-nin əməliyyat planı Araz boyu sərhəd istiqamətində irəliləmək oldu. Bu geniş əməliyyat planlarından biri də Dəlidağ silsiləsinin işğaldan azad edilməsi idi. Bu, arxa tərəfinizdə gördüyünüz Dəlidağ silsiləsinin işğaldan azad olunması uğrunda bir neçə əməliyyat planı hazırlandı ki, bura qədər biz bir neçə təpə və hündürlükləri götürməli, düşməndən təmizləməli olduq. Əməliyyat planının məqsədi ondan ibarət idi ki, bu silsilənin üzərində biz çevik hərəkat qruplarını yerləşdirərək Araz boyu istiqamətindən hərəkət edən düşmənin canlı qüvvəsini və texnikasını məhv edək. Bu Dəlidağ silsiləsinə bir sutkadan az vaxt ərzində çatdıq. 11,5 kilometr məsafəni düşmən arxasına sızmaq əməliyyatı ilə qət etdik. Dəlidağ silsiləsini götürdükdən sonra, orada düşmənə pusqu hazırladıq. Düşmənin canlı qüvvəsi və texnikası orada bizim pusquya düşdü və tam olaraq məhv edildi”, – deyə B.Ələkbərov vurğulayıb.

DSX 1Onun sözlərinə görə, Xudafərin istiqamətində Xudafərin körpüsü yox, Dəlidağ silsiləsi əhəmiyyət kəsb edirdi. Buna görə də, onlar əvvəlcə Dəlidağ silsiləsini işğaldan azad etməli olublar. B. Ələkbərov bildirib ki, sərhədçilər bu silsiləni işğaldan azad etdikdən sonra, növbəti tapşırıq əsasında qruplarla bütün bu ərazilərdə arama-tarama işlərinə başlayıb və həmin ərazini düşməndən təmizləyiblər.

“Bundan sonra, qədim Xudafərin körpüsü üzərində şanlı bayrağımızı sancaraq Ali Baş Komandana məruzə etdik. Daha sonra, bir neçə saatlıq həm təminat baxımından, həm də silah-sursat baxımından hazırlığımız oldu. Ən qısa müddətdə hazır vəziyyətə gəldik və bir gün sonra buradan uzaq məsafəli sayılan Zəngilan şəhərini işğaldan azad olunması tapşırığını aldıq ki, bu da 44 günlük müharibədə ən iti sürətli əməliyyat kimi yadda qaldı”, – deyə B.Ələkbərov vurğuladı.

Zəngilan şəhərinin işğaldan azad edilməsi

B.Ələkbərov qeyd etdiyi kimi, Xudafərin körpüsü düşməndən azad edildikdən sonra istiqamət Zəngilan şəhəri və ətraf əraziləri olub. DSX-nin hərbi qulluqçuları tarixi Azərbaycan torpağı olan Zəngilan şəhərində ermənilərlə qanlı döyüşlərə girib, şəhər qısa müddət ərzində düşməndən təmizlənib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin sağ qalan şəxsi heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub. 2020-ci il oktyabrın 20-də sərhədçilər tərəfindən azad edilən Zəngilan şəhərində Azərbaycanın üçrəngli şanlı bayrağı ucaldılıb. Şəhərin azad edilməsini Ali Baş Komandana Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov məruzə edib.

B.Ələkbərov “Poliqon” jurnalının Zəngilan şəhərinə ezam olunan əməkdaşına müsahibəsində bildirib ki, Arazboyu əməliyyatların planına əsasən, oktyabrın 19-da Zəngilan istiqamətində hərəkət ediblər.

“Biz şəhər istiqamətində sürətlə hərəkət etdik. Qruplarımızı Zəngilan şəhərinin girəcəyindəki körpüyə yaxınlaşdırdıq və müşahidə apardıq. Gördük ki, şəhərdə qanunsuz məskunlaşdırılan mülki əhali oradan çıxmağa başlayır. Yüksək təpəliklərdə atəş dəstə qrupları yaradaraq şəhəri nəzarətdə və atəş altında saxladıq. Bizə əməliyyat məlumatı verildi ki, düşmən hərbçiləri şəhərin kənarında pusqu quraraq gözləyirlər. Qruplarımız arama-tarama işləri aparıb Zəngilan şəhərinə daxil oldu. Şəhərin mərkəzi və küçələri düşməndən təmizləndi və üçrəngli şanlı bayrağımızı Zəngilan şəhərinə sancdıq. Bu barədə Müzəffər Ali Baş Komandana məruzə etdik. Daha sonra təpələrdə qruplarımızı yerləşdirdik və dairəvi olaraq şəhərin müdafiəsini təşkil etdik. Ehtimal edirdik ki, ermənilər Qafan istiqamətindən biz tərəfdə olan hərbçilərinə kömək göndərə bilər. Ehtimalımız da doğru çıxdı və düşmən 300-dən çox şəxsi heyəti və bir çox texnikasını Zəngilan şəhəri istiqamətinə göndərdi. Onları müşahidə altında saxladıq. Ermənilər bizim yüksəkliklərdə yerləşdiyimizi bilmirdilər. Bunun nəticəsində döyüşə tam hazır vəziyyətə gəldik”, – deyə B.Ələkbərov vurğuladı.

Onun sözlərinə görə, oktyabrın 21-i səhər saat 06:00 radələrində Zəngilan şəhərini geri almaq istəyən düşmənlə şiddətli döyüşlər başlayıb: “İgid sərhədçilərimiz xarabalıq ərazidə düşməni tam olaraq məhv etdi. Sağ qalan ermənilər isə silahlarını ataraq qaçmağa başladı. Şiddətli döyüşlər zamanı şəhidlərimiz və yaralılarımız oldu. Yaralı hərbçilərimizin təxliyə olunmasına şəxsən mən rəhbərlik edirdim. Yüngül yaralanan sərhədçilərimiz təxliyə olunmaqdan imtina edirdilər və döyüşü davam etdirməyə çalışırdılar. Zəngilanda döyüşlər zamanı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli, Məhəmmədəli Ələkbərov, Xudayar Yusifzadə, Mirağa Qasımov şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət etsin”!

6 saat döyüşdən sonra Ağbənd zastavası düşməndən tam azad olundu

Vətən müharibəsində ən mühim əməliyyatlardan biri Zəngilan şəhərinin düşmən işğalından azad edilməsi idi ki, bununlada Azərbaycanın İranla olan dövlət sərhədi tam bərpa edildi. Zəngilan şəhərinin azad olunmasından və İranla dövlət sərhədinin tam bərpa edilməsində sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu növbəti tapşırıq Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi oldu.

Dövlət Sərhəd Xidmətinin general-mayoru Misir Əliyev “Poliqon” jurnalına açıqlamasında bunu dəsdiq edərək bildirdi ki, Vətən müharibəsində aldıqları əsas tapşırıq İran-Azərbaycan dövlət sərhədinin 132 kilometrinin düşməndən azad edilməsi, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində strateji yüksəkliklərin düşməndən azad edilərək dövlət sərhədinin bərpa edilməsi tapşırığı olub. Onun sözlərinə görə, əməliyyatlar zamanı DSX bölmələri Zəngilan şəhəri azad olunduqdan sonra Araz çayı boyu hərəkətə başlayıb. Araz çayı boyu hərəkət zamanı İranda yaşayan soydaşlarımız tərəfindən çox böyük sevinclə qarşlanıblar. Bu bütün bölmələr üçün qürurverici hal olsa da, onların sevincindən doğan qışqırıq səsləri DSX hərbçilərinin yerinin müəyyənləşdirilməsi üçün təhlükəli olub. Beləliklə, hərbi qulluqçularımız Araz çayı boyu hərəkətin düşmənin sezməsini nəzərə alaraq Baharlı sərhəd zastavası istiqamətindən dağlıq və relyef baxımından çətin olan əraziyə hərəkət ediblər.dsx5 1

“Baharlı sərhəd zastavasından dağ boyu 6-7 kilometr hərəkət etdikdən sonra Bartaz istiqamətində düşmən tərəfindən “Qrad” və minaatan atəşinə məruz qaldıq. Həmin istiqamətdə mövqelərimizi möhkəmləndirdikdən və düşmən həmləsini məhv etdikdən sonra tapşırığımızı tam icra etmək üçün Ağbənd sərhəd zastavasına hərəkət etdik. Ağbənd sərhəd zastavasına yol boyu hərəkət edəndə ön kəşfiyyat dəstələrimiz sərhəd zastavasında düşmənin çoxlu sayda qüvvəsinin cəmləşdiyini və qarşımızda görünən yüksəkliyə doğru hərəkət etdiklərini məruzə etdilər. Bölmələrimizi dərhal ön tərəfdə olan yüksəklikdə cəmləşdirdik.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, düşmən tərəfindən hərəkətimizin izlənməsi üçün yüksəkliklərdə iki kamera mövcud idi. Bir kamera tərəfimdən verilən göstərişlə zərərsizləşdirildi, 1071 zirvəsində olan digər kameranı isə zərərsizləşdirməyə vaxtımız yox idi. Biz artıq düşmənlə bilavasitə təmasa girərək onları tamamilə məhv edib, Ağbənd sərhəd zastavasını, İran-Azərbaycan 132 kilometrliyini bərpa etməli idik. 6 saat yarım gedən döyüşdən sonra Ağbənd sərhəd zastavası düşməndən tam azad olundu, düşmən tamamiylə məhv edildi və bu barədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevə məruzə etmək şərəfi mənə nəsib oldu. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrliyi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldü”, – deyə general-mayor Misir Əliyev vurğuladı.

General A.Məhərrəmov “Üç nöqtə” əməliyyatının detallarını açıqladı

dsx5 2Dövlət Sərhəd Xidmətinin general-mayoru Aqşin Məhərrəmov “Poliqon” jurnalının Zəngilan rayonuna ezam olunan əməkdaşına müsahibəsində bildirib ki, Vətən müharibəsində, habelə ondan əvvəl və sonraki kiçik əməliyyatlarda DSX-nin hərbi qulluqçuları Cenevrə konvensiyasına, həmçinin müharibə qaydalarına uyğun döyüş əməliyyatlarını icra edib. Azərbaycan sərhədçisi bütün qaydalara uyğun olaraq döyüşüb. General-mayor A.Məhərrəmov vurğulayıb ki, Silahlı Qüvvəllərin Ali Baş Komandanı, Prezident İlham Əliyevin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq hər il DSX-nin hissə və bölmələri iri miqyaslı təlimlərə cəlb olunur. Bu təlimlərdə DSX-nin şəxsi heyəti yüksək bilik, bacarıq, praktiki vərdişlər əldə edərək növbəti təlimlərdə onları tətbiq edirlər.

Dövlət Sərhəd Xidmətinin arsenalında müasir silah, texnika və avadanlıqlar, habelə zərbə pilotsuz uçuş aparatlarının olduğunu vurğulayan A.Məhərrəmov bunun qarşısında düşmənin tab gətirə bilməsinin mümkün olmadığını deyib. Onun sözlərinə görə, bunun bariz nümunəsi hələ 2016-cı il aprel hadisələrində tətbiq olunub. General-mayor qeyd edib ki, 2016-cı il aprel döyüşlərində zərbə PUA-larının heyətinin yüksək peşəkarlığı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirilib. Bunun davamı olaraq, qazanılan həmin təcrübədən Vətən müharibəsində də məharətlə istifadə olunub və düşmən üzərində tarixi zəfər çalınıb.

dsx5 3Vətən müharibəsində Azərbaycan silahlı qüvvələrinin Ağbənd qəsəbəsi istiqamətində həyata keçirdiyi “Üç nöqtə” əməliyyatından danışan general-mayor A.Məhərrəmov bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusi ilə DSX-nin Çevik Hərəkət Dəstəsinin bölmələrinin uğuru ilə nəticələnib. Belə ki, bir gün öncə ərazinin havadan kəşfiyyatı aparılmış düşmən haqqında məlumatlar – düşmənin yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri, məlumatları dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilib və düşmən geri qaçmağa məcbur olub.

“Hal-hazırda Ağbənd qəsəbəsində durduğumuz bu ərazi strateji baxımdan çox əhəmiyyətlidir. Belə ki, düşmən geri çəkilərək bu ərazilərdə mövqelənərək bizim gəlişimizi qarşılamağa hazır idi. Lakin vaxtında, düzgün qəbul olunmuş qərarlara əsasən pilotsuz uçuş aparatları vasitəsiylə əvvəlcədən ərazilərin havadan kəşfiyyatı aparıldıqdan sonra düşmənin yerləşmə yeri, strateji obyektləri, sığınacaqları, hərəkət marşrutları, hava hücumundan müdafiə qurğuları, atış vasitləri müəyyən edildi. Düşmənə məhz müasir qurğulardan, zərbə PUA-larından zərbələr endirilərək düşmənin canlı qüvvəsi, atəş mövqeləri sıradan çıxarıldı.

dsx8 2Xüsusi ilə qeyd etmək istəyirəm ki, raket-artilleriya divizionu tərəfindən yaxınlaşmaqda olan düşmənin texnikası çox sərrast atışlarla sıradan çıxarıldı. Zərbə PUA-lar vasitəsi ilə düşmənin dərinliklərində yerləşən artilleriya qurğuları dəqiq atəşlə məhv edildi və bizim bölmələrimizin hərəkəti üçün yollar açıldı. Beləliklə Ağbənd istiqamətindən Vejnəli, Bartaz, həmçinin Üç nöqtə istiqamətinə şəxsi heytin hərəkəti təmin olundu. Çevik hərəkət qüvvələrimiz tərəfindən Ağbənd qəsəbəsinin işğaldan azad olunması və dövlət bayrağımızın işğaldan azad olunmuş ərazidə sancılması hər birimiz üçün qürurvericidir. Arazboyu ərazilərdə yaşayan soydaşlarımız bizim hərəkətlərimizi kənardan müşahidə edərək alqışlarla, müxtəlif şüarlarla bizi səsləyirdilər. Onlar bu ərazilərin əsl sahiblərini görməkdən çox  sevinirdilər”, – deyə general-mayor A.Məhərrəmov vurğulayıb.

A.Məhərrəmov onu da qeyd edib ki, hal-hazırda Üç nöqtə adlanan ərazi sərhədçilərimiz tərəfindən mətinliklə qorunur, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən tapşırığı Azərbaycan sərhədçisi icra etməyə hazır və qadirdir.

“Vejnəli” qızıl mədəni və Sığıt yüksəkliyinin azad edilməsi əməliyyatı

dsx6 1Dövlət Sərhəd Xidməti tərəfindən Cəbrayıl və Zəngilan rayonlarına təşkil olunan səfər Vətən müharibəsində döyüş əməliyyatlarından bir çox maraqlı məlumatların əldə edilməsi ilə yadda qaldı. Şərəfli döyüş yolu keçmiş hərbçilərimizin qəhrəmanlığının gələcək nəsillərə miras olaraq ötürülməsində “Poliqon” jurnalı olaraq üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışacağıq. Müharibənin getdiyi ərazilərdən hərbçilərimizin bölüşdükləri xatirələrini oxuculara təqdim edməyə davam edirik. Yuxarıda qeyd etdiyimiz kimi, Vətən müharibəsində Zəngilan şəhərinin azad olunmasından və İranla dövlət sərhədinin tam bərpa edilməsində sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu növbəti tapşırıq Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi oldu. Bunun üçün DSX-nin bölmələri tərəfindən Zəngilan rayonunun ətraf əraziləri o cümlədən ərazidə əsas strateji əhəmiyyətə malik olan yüksəkliklər azad edilməli idi. İlk mərhələdə Vejnəli və Ağbənd istiqamətində olan yüksəliklər, Vejnəli kəndi istiqamətində yerləşən qızıl mədəni və qızıl zavodu yaxınlığında yerləşən Sığıt yüksəkliyi, Üçnöqtəyə qədər olan ərazilər, sonrakı mərhələdə strateji əhəmiyyətə malik olan Bartaz və Şükrataz yüksəkliklərin azad edilməsi əməliyatları uğurla həyata keçirilib.

dsx8 5Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Teyyub Bayramov “Poliqon” jurnalına müsahibəsində bildirdi ki, dövlət sərhədlərinin 132 km ərazisi düşmən işğalından azad olunduqdan sonra yuxarı rəhbərlik tərəfindən verilmiş tapşırığa uyğun olaraq “Vejnəli” qızıl mədəni və dövlət sərhəd xətti Üçnöqtəyə qədər tam barpa olunmalı idi: “Bu istiqamətdə ilk döyüşümüz “Vejnəli” qızıl mədəninin düşmən qüvvələrindən azad olunması oldu. Onu da qeyd edim ki, çox kiçik bir heyət ilə “Vejnəli” qızıl mədənini düşməndən tam təmizlədik. Gecə saat 03:00 radələrində şəxsi heyətimiz tapşırıqla “Vejnəli” qızıl mədəninə döyüşə qalxdılar və səhər-səhər düşmən qalxanda gördü ki, düz başlarının üstündə Azərbaycan bayrağı dalğalanır. Bir çox cəhdlər edərək bir çox qüvvələrlə həmin mövqeyi geri almaq istədilər, lakin alınmadı”.

Polkovnik-leytenant T.Bayramovun sözlərinə görə, “Vejnəli” qızıl mədənindəki mövqe götürüləndən sonra, ərazidə ən böyük yüksəklik Sığıt yüksəkliyi idi: Sığıt yüksəkliyinin əldə olunması üçün uğurlu əməliyyat keçirdik. Ondan sonra, qısa bir müddətdə Üçnöqtəyə qədər dövlət sərhəddi tam dövlət sərhəd xətti üzərində bərpa olundu”.

Sığıt yüksəkliyi mühüm strateji əhəmiyyət kəsb edirdi

DSX-nin mayoru Röyal Quliyev də Ermənistan-Azərbaycan sərhədi boyu strateji yüksəliklərin ələ keçirilməsi uğrunda gedən döyüşlərdən xatirələrini bölüşdü. O bildirdi ki, bölmələri əməliyyat tapşırığı aldıqdan sonra hərəkətə keçiblər. İlk öncə yuxarıda qeyd olunduğu kimi, Vejnəli və Ağbənd istiqamətində olan yüksəliklər düşməndən azad olunub.

“Bildiyiniz kimi, Vejnəli kəndi istiqamətindəki qızıl mədəni və qızıl zavodu yaxınlığında yerləşən yüksəkliklərdən biri Sığıt yüksəkliyi idi. Sığıt yüksəkliyi mühüm strateji əhəmiyyət kəsb edirdi. Belə ki, həmin yüksəklik Ağbənd, Vejnəli və oradakı qızıl mədəni, qızıl zavodu, həmçinin Ermənistan ərazisində olan müəyyən postları tam nəzarətdə saxlamaq üçün imkan verirdi. Bu yüksəkliyin azad olunması mənə tapşırılmışdı. Tapşırıq alındıqdan sonra havanın qaranlıq vaxtı həmin yüksəkliyə doğru hərəkət etməyə başladıq. Sığıt yüksəkliyi relyef baxımından çətin olsa da, bizim qüvvələrin əvvəlcədən hazırlığı, döyüş qabiliyyətinin yüksək olması hesabına çətinlik çəkmədən həmin yüksəkliyə qalxdıq. Düşmən orada kiçik bir qrupla məhv edildikdən sonra Azərbaycanın üçrəngli bayrağı həmin yüksəkliyə sancıldı”, – deyə mayor R.Quliyev vurğuladı.

Bartaz yüksəkliyinin azad edilməsinin təfərrüatı

dsx9 1Zəngilan rayonunun ərazidə əsas strateji əhəmiyyətə malik olan yüksəkliklərdən Bartaz və Şükrataz yüksəkliklərin azad edilməsi tapşırıqlarını alan DSX-nin qrup rəhbəri polkovnik-leytenant Mahmud Şükürov “Poliqon” jurnalının döyüşlərin getdiyi ərazilərə ezam olunan əməkdaşına müsahibəsində bu yüksəkliklərin azad edilməsinin təfərrüatlarını danışdı.

M.Şükürovun sözlərinə görə, döyüş tapşırığını aldıqdan sonra, Bartaz dayanacağı adlanan əraziyə qədər texnikalarla hərəkət ediblər: “Burdan sonra, düşmən tərəfindən müşahidə olunurduq, buna görə də piyadalanaraq qrupun irəliləmə taktikasına müvafiq olaraq hərəkətə başladıq. Yol boyu düşmənin bir çox maneələri ilə rastlaşdıq. Düşmən yolları tamamilə minalamışdı. Buna baxmayaraq bu bizim döyüş əzmimizi qıra bilmədi və biz onlardan manevr üsulları taparaq silsiləyə doğru yaxınlaşdıq. Yaxınlaşdıqda burada düşmənin çoxlu sayda canlı qüvvəsinin, o cümlədən iriçaplı silahlarla təchiz edilmiş heyətin mövqeləndiyini gördük. Bir daha qrupun döyüş taktikasına müvafiq olaraq onların hansı sayda say tərkibinə, hansı silahlardan atəş etdiyini müəyyənləşdirmək üçün onlarla bir kontrol atışı etdik. Ondan sonra əməliyyatı bir daha planlaşdıraraq hücum əməliyyatına başladıq”.

dsx0 2Polkovnik-leytenant vurğuladı ki, ərazinin əlverişli xüsusiyyətlərindən – əsasən maskalanmaq xüsusiyyətlərindən istifadə edərək mümkün qədər qayalıq ərazilərdən silsiləyə, zirvəyə doğru yaxınlaşmağa başlayıblar. Belə bir hiylə taktikası işlədərək düşmənin əsas qüvvələrini zirvənin sağ cinahına çəkiblər.

“Gördüyünüz bu arxa tərəfdən, qayalıq istiqamətindən bizim hücum qrupumuz maksimum dərəcədə düşmənə yaxınlaşdı. Atəş qrupumuzu ərazidə yerləşdirməklə düşmənə aldadıcı atışlar etdik. Düşmən əsas fikrini o istiqamətə cəmlədi və mümkün qədər düşmənə yaxınlaşdıq. Onların gözləmədiyi bir yerdən sürətli və dəqiq atışlarla gördüyünüz bu ərazilərdə mövqelənmiş düşməni məhv etdik, bizə verilmiş tapşırığı uğurla yerinə yetirdik. Tapşırıq icra olunduqdan sonra, dərhal ərazi xüsusiyyətlərindən istifadə edərək həmin yüksəklikdə mühafizə və müdafiəni təşkil etdik”, – deyə polkovnik-leytenant M.Şükürov bildirdi.

Bartaz yüksəkliyinə hərəkət edən bütün avtomobil texnikası düşmən atəşinə məruz qalırdı

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir Yumruq” hərbi əməliyyatının iştirakçısı olaraq DSX-nin hərbçisi, polkovnik-leytenant Elvin Rzayevin rəhbərlik etdiyi digər bir bölük də Zəngilan rayonunun 2269 metr hündürlükdə yerləşən Bartaz yüksəkliyinin ələ keçirilməsi üçün tapşırıq alıblar.

“Bartaz qəsəbəsindən bir bölükə qədər şəxsi heyətlə DSX-nin Çevik Hərəkət Dəstəsinin hərbçiləri ilə birlikdə Bartaz yüksəkliyi istiqamətində hərəkətə keçdik. Xüsusi təyinatlılarla Bartaz yüksəkliyi ələ keçirildikdən sonra düşmən Bartaz yüksəkliyindən geri çəkilərək, hal-hazırda bizim olduğumuz silsiləyə yanaşdı və bu silsilədən hansı ki, Bartaz yüksəkliyinə gələn əlaqə yollarını tam müşahidə altında saxlayırdılar. Heç bir avtomobil texnikası Bartaz yüksəkliyinə hərəkət edə bilmirdi

, düşmənin atəşinə məruz qalırdı. Belə olduqda, düşməni hazırda olduğumuz silsilədən geri çəkilməyə məcbur etmək və bu yüksəkliyi ələ keçirmək üçün göstəriş verildi. Qrup rəhbəri olaraq 20 nəfər heyətlə hərəkət edərək ilk öncə vizual müşahidələr aparmaqla düşmənin say tərkibi, qüvvəsini müəyyən etdik. Sonra, səhər saat 06:00 radələrində əməliyyata başladıq və yüksəkliyin ələ keçirilməsi müsbət nəticələndi. Onu da qeyd edim ki, düşmən bu silsiləni tərk edərkən silah və sursatını, hətta avtomobil texnikasını da burada tərk edərək bu silsilədən geri çəkilmək məcburiyyətində qaldı”, – deyə polkovnik-leytenant E.Rzayev vurğuladı.

dsx0 1Dövlət Sərhəd Xidmətinin bölmələrinin sonraki tapşırığı silsilədə mövqelənmək və düşməni tam müşahidə altında saxlamaq və mövqeyi düşmənə verməmək olub. Buna uyğun olaraq sərhədçilər mövqelənərək burada xidməti təşkil ediblər. Hazırda Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizə və müdafiəsi təmin edilir.

Demək olar ki, bu dağların hər bir qarşında sərhədçilərin qanı var. Bu gün biz həmin torpaqlarda ərazilərimizin işğaldan azad edilməsinin, düşmən üzərində zəfərimizin ikinci ildönümünü qürurla qeyd edirik. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun.

Media nümayəndələrinin Bartaz yüksəkliyinə səfəri çərçivəsində DSX-nin Çevik Hərəkət Dəstəsinin hərbi qulluqçuları bu yüksəkliyin düşmən işğalından azad edilməsi əməliyyatını imitasiya etdilər. 2269 metr hündürlükdəki yüksəkliyə Azərbaycan bayrağı sancıldı, “Qarabağ Azərbaycandır!” sədaları göy üzünə ucaldı.PJ

Reportaj “Poliqon” hərbi-kosmik texnoloji jurnalının sentyabr-oktyabr 2022-ci il tarixli 5 (61) sayında yayımlanıb

Zaur Babaşov

CATEGORIES
TAGS