Vətən müharibəsinin xronikası: döyüşlərin 1-ci günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 1-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 1-ci gününün xronikasını təqdim edir.

Sentyabrın 27-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin saat 6 radələrindən etibarən genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumat yayıb.

Saat 12 radələrində Azərbaycanın Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Dövlət başçısı müraciətində sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması, mülki əhali və hərbçilərin arasında itkilər, yaralananların olması barədə məlumat verib. Prezident Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikalarının sıradan çıxarıldığını bildirib.

Günorta saatlarında Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qardaş ölkənin dövlət başçısı Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayıb.

Azərbaycanın Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İlham Əliyev Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını elan edib. İclasda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttinin yarıldığı, altı kəndin – Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərinin işğaldan azad edilməsi barədə xalqa ilk müjdə verilib.

Saat 19 radələrində Prezident İlham Əliyev Azərbaycanda hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzalayıb.

Fransanın Prezidenti Emmanuel Makron Azərbaycanın Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Saat 18:30 radələrində Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində Azərbaycan qoşunlarının keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması barədə məlumat yayıb.

Poliqon.az

CATEGORIES