
Vətən müharibəsinin xronikası: döyüşlərin 12-ci günü
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 12-ci gününün xronikasını təqdim edir.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus daha 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.
Azərbaycan Ordusu ümumilikdə düşmənin 13 ədəd T-72 tankını, 2 ədəd PDM-ni, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemini, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusunu, 3 ədəd D-30 haubitsa topunu, 2 ədəd radar sistemini və xeyli sayda avtomobil texnikasını dəqiq atəşlə məhv edərək sıradan çıxarıb. Həmçinin, düşmənin hərbi kolonu darmadağın edilib.
Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri öz növbəsində müxtəlif istiqamətlərdən Goranboy, Bərdə, Ağcabədi, Tərtər, Ağdam rayon kəndlərinin dinc əhalisini artilleriya atəşinə tutub. Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən atəş açıb. Atəş nəticəsində Ağdam rayonunun 2 nəfər, Bərdə rayonunun isə 7 nəfər dinc sakini ağır yaralanıb.
Azərbaycan Ordusu öz tarixi torpaqlarını azad etməkdə ikən, təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirirdi.