Vətən müharibəsinin xronikası: döyüşlərin 29-cu günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 29-cu günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 29-cu gününün xronikasını təqdim edir.

Rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərini, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının bir neçə kəndini işğalçılardan azad edib.

Oktyabrın 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.

Azərbaycan Silahlı Qüvvələri cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnikada itkilər verərək geri çəkilib.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 3 ədəd tankı, 4 ədəd PDM-i, 10 ədəd D-30 haubitsa topu, 1 ədəd D-1 haubitsa topu, 1 ədəd 2A36 “Qiasint-B” topu, 14 ədəd avtomobil texnikası, 2 ədəd artilleriya qurğusu, 2 ədəd BM-21 “Qrad”ı, 1 ədəd komanda qərargah maşını, 1 ədəd komanda idarəetmə məntəqəsi, bir neçə atəş nöqtəsi və xeyli sayda döyüş sursatı məhv edilib.

Ermənistan silahlı qüvvələri dinc sakinləri hədəf alaraq Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub.

Poliqon.az

CATEGORIES
TAGS