Vətən müharibəsinin xronikası: döyüşlərin 30-cu günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 30-cu günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 30-cu gününün xronikasını təqdim edir.

Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərini işğaldan azad edib.

Oktyabrın 26-sı saat 08:00-da yenidən humanitar atəşkəs elan edilməsinə baxmayaraq, saat 08:05-də Ermənistan silahlı qüvvələri Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Laçın rayonu ilə yanaşı günün müxtəlif vaxtlarında Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən müxtəlif artilleriya qurğularından və toplardan atəşə tutulub.

27 sentyabrdan müharibənin 30-cu gününə qədər Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş 305 tankının (252 tank vurulub, 53 tank qənimət götürülüb) dünya bazarında təqribi dəyəri 610 milyon ABŞ dolları, 79 ədəd piyada döyüş maşınının (50 ədəd vurulub, 29 ədəd qənimət götürülüb) təqribi dəyəri 37-39 milyon ABŞ dolları təşkil edib.

Poliqon.az

CATEGORIES
TAGS